"İkinci Dünya müharibəsinin veteranları xalqımızın fəxridir"
    • 9-05-2023, 13:31
    • 412

"İkinci Dünya müharibəsinin veteranları xalqımızın fəxridir"

“Faşizmə qarşı mübarizə Azərbaycanda ümumxalq hərəkatına çevrilmişdi”.

Bu sözləri News24.az-a açıqlamasında politoloq Yusif Bağırzadə faşizm üzərində qələbənin 78-ci ildönümü ilə bağlı danışarkən deyib.

“Məlum olduğu kimi 1939-cu il sentyabrın 1-də Faşist Almaniyası ildırımsürətli “Barbarossa” planı əsasında Polşanı işğal etdi və bununla da bəşəriyyət tarixinə ən qanlı müharibə kimi daxil olan İkinci Dünya müharibəsi başladı. 1941-ci il iyunun 22-də isə Hitler Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum edib. Müharibə 1945-ci il mayın 9-da - Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi ilə başa çatıb. Bu gün qürurla və iftixarla qeyd edirik ki, çoxəsrlik dövlətçilik tarixinə malik olan Azərbaycan xalqı faşizm üzərində qələbəyə müstəsna töhfələr verib. 660 mindən çox soydaşımız Qafqazdan Berlinədək şanlı döyüş yolu keçərək unudulmaz mübarizə nümunəsi göstəriblər. 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər “Şərəf” ordeni, 170 min soydaşımız SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 271-ci, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər, Polşa, Çexiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında yaxından iştirak ediblər. İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Hüseynbala Əliyev, Qafur Məmmədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çoxunun adı bu müharibənin tarixinə qızıl hərflərlə yazılıb".

Onun sözlərinə görə, qələbəni təmin edən həlledici amillərdən biri də Azərbaycanın enerji resurslarından səmərəli istifadə olub:

"Belə ki, 1941-ci ildə Azərbaycan tarixində ən çox - 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edib. Ümumilikdə qeyd etmək olar ki, müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzininin və yüksək keyfiyyətli sürtgü yağlarının 85-90 faizi Azərbaycanın payına düşürdü. Faşizm üzərində qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdi. Bütün çətinliklərə rəğmən, neftçilərimiz 1941-1945-ci illərdə İkinci Dünya müharibəsi dövründə fədakarlıqla çalışaraq cəbhəni və sənayemizi yanacaqla təmin ediblər. Tam məsuliyyətlə demək olar ki, Azərbaycan nefti olmasaydı, sovet-alman cəbhəsində hərbi əməliyyatların nə ilə nəticələnəcəyini təsəvvür etmək çox çətin olardı. Ulu Öndər Heydər Əliyev də Böyük Vətən müharibəsində Qələbənin 50 illiyi münasibətilə keçirilən təntənəli gecədəki nitqində bu fakta toxunaraq qeyd etmişdir ki, Azərbaycan nefti olmasaydı, müharibənin nəticələri uğurlu və müvəffəqiyyətli ola bilməzdi".

"1941-1945-ci illərdə İkinci Dünya müharibənin ilk günlərindən Bakının bütün müəssisələri 12 saatlıq iş gününə keçmişdi. Respublikanın maşınqayırma müəssisələrinin gücünün 95 faizi hərbi texnika, silah-sursat istehsalına yönəldi. 1941-ci ilin sonunda Azərbaycanda 130 adda silah, sursat, hərbi mərmi və əşya istehsal olunurdu. 1941-ci il noyabrın 8-nə kimi 35 min qutu yandırıcı butulka, 14 min patron ehtiyatı hazırlandı, istehsal gücü sutkada 10 min butulkaya çatdırıldı. 1942-1944-cü illərdə cəbhəyə 11 milyon vahid döyüş sursatı göndərildi. 1942-ci ilin iyulunda Bakıda rekord müddətdə xalq arasında “Katyuşa” kimi məşhur olan qvardiya minomyotu istehsal edən zavod yaradıldı. Bakıda qısa müddətdə “UTİ-4” B təyyarəsi bazasında 15 B döyüş variantı “UTİ-4” tipində yığıldı. 1942-ci ilin yanvarında Bakı zavodu 20 “UTİ-4” maşını buraxdı, fevralda buraxılış 2 dəfə artdı. Bir müddət sonra Bakıda “YAK” qırıcıları yığılmağa başladı. Müxtəlif tipli 782 təyyarə təmir olunaraq cəbhəyə göndərildi.
1941-1945-ci illər ərzində Zaqafqaziya dəmir yolunun Bakı şöbəsi dəmiryolçuların şücaəti nəticəsində cəbhəyə və xalq təsərrüfatının ehtiyacları üçün 1 milyon 600 min vaqon, o cümlədən 480 min vaqona qədər quru yük və 500 min sistern neft məhsulları göndərmişdi. Stalinqrad uğrunda qızğın döyüşlərin getdiyi bir vaxtda Xəzərin kommunikasiya xətləri ilə 434 min 472 nəfər hərbi və mülki şəxs, 96 təyyarə, 791 tank, 346 zirehli maşın, 222 traktor, 173 min 730 baş at, 213 min 257 ton döyüş sursatı və müxtəlif yüklər daşınmışdı", - deyə politoloq bildirib.

Y.Bağırzadə bildirib ki, İkinci Dünya müharibəsinin veteranları xalqımızın fəxridirlər. Onların müharibə illərində göstərdikləri qəhrəmanlıq bu gün bütün cəmiyyət tərəfindən böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur.

"Zamanında Ümummilli Lider Heydər Əliyev tərəfindən onlara daim xüsusi diqqət və qayğı göstərilib. Müstəqilliyimizin ilk illərində İkinci Dünya müharibəsi iştirakçılarına biganə münasibət yaransa da, xalqın çağırışı ilə Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında respublikamıza rəhbərliyə qayıdışından sonra bu biganəliyə son qoyularaq, İkinci Dünya müharibəsi iştirakçılarının sosial müdafiəsi istiqamətində fəal dövlət siyasəti formalaşıb. 9 May - Qələbə günü də həmin vaxtdan ölkəmizdə yenidən dövlət bayramı kimi qeyd olunmağa başlayıb. Bu gün İkinci Dünya müharibəsi iştirakçılarına olan diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. İkinci Dünya müharibəsi ilə əlaqədar əlilliyi olanlar və iştirakçılarına Prezidentin aylıq təqaüdləri və aylıq pensiya ödənilir. Ötən dövrdə bu ödənişlər mütəmadi olaraq artırılıb. Xüsusilə son beş ildə aparılan ardıcıl sosial islahatlar nəticəsində ölkəmizdə müavinət və təqaüd ödənişlərində 5 dəfə, orta aylıq pensiyada 2 dəfə artıma nail olunub. İkinci Dünya müharibəsi iştirakçılarına pensiya təyin olunarkən pensiyalarına qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlavələr də hesablanıb".

"Elə bu il də Prezident İlham Əliyev “1941-45-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən Qələbənin 78-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarına 1500 manat, Sərəncamda nəzərdə tutulan digər şəxslərə 750 manat birdəfəlik maddi yardım verilib. Sərəncam ümumilikdə 3538 şəxsi əhatə edib, onlardan 51-i İkinci Dünya müharibəsi iştirakçıları, qalanları isə digər kateqoriyalardan olanlardır”.

Aynurə Pənahqızı