Bakıda Dünya Kubokunun açılış mərasimi keçirildi - FOTO
    • 9-05-2023, 15:00
    • 223

Bakıda Dünya Kubokunun açılış mərasimi keçirildi - FOTO

Bakı Atıcılıq Mərkəzində “Dünya Kuboku 2023” yarışlarının açılışı keçirilib.

News24.az xəbər verir ki, mərasimdə gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.

Açılış nitqini söyləyən nazir yarışın Azǝrbaycan xalqının Ümummilli Lideri Heydǝr Əliyevin 100 illiyinə təsadüf etdiyini vurğulayıb. Fərid Qayıbov qeyd edib ki, Azǝrbaycan gǝnclǝrinin sağlam hǝyat tǝrzi üçün idmanın inkişafına ǝhǝmiyyǝt verǝn vǝ idmançıları daim dǝstǝklǝyǝn Heydǝr Əliyevin müstǝqil Azǝrbaycanın beynǝlxalq idman arenasında tanınmasında əvəzsiz xidmətləri olub. Nazir həmçinin qeyd edib ki, müstəqil Azərbaycanın bu növdə ilk və ən önəmli nailiyyəti, Olimpiya qızıl medalı məhz Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi dönəmdə olub.

Azərbaycan Milli Olimpiya Komitəsinin və Atıcılıq Federasiyasının vitse-prezidenti Zemfira Meftahətdinova çıxış edərək bildirib ki, ölkəmizdə üçüncü dəfə keçirilən dünya kuboku yarışlarının Azərbaycanda atıcılıq idman növünün inkişafında böyük rolu var. Federasiya rəsmisi həmçinin bildirib ki, “Paris 2024” Yay Olimpiya Oyunlarında tətbiq olunacaq yeni qaydaların bu gündən etibarən qüvvəyə mindiyi elan edilib.

O, Beynəlxalq Atıcılıq İdman Federasiyasına (ISSF) təşkilati işlərdə dəstəyinə görə təşəkkür edib.

Ardınca səhnəyə dəvət alan Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının rəsmi nümayəndəsi Hazim Hosni ISSF prezidenti Lusiano Rossinin adından yarışları açıq elan edib.

Qeyd edək ki, yarışlara dünyanın 66 ölkəsindən 623 idmançı qatılıb. İdmançılar 6 gün ərzində güllə atıcılığının 10 növündə qalibiyyət uğrunda mübarizə aparacaqlar.

Yarışların ilk final oyunları mayın 10-dan başlayacaq.

Turan