Boşanmaq istəyən ailələr üçün məhkəmələrdə barışdırıcı mexanizmin tətbiqi təklif edilir
    • 15-02-2019, 17:52
    • 852

Boşanmaq istəyən ailələr üçün məhkəmələrdə barışdırıcı mexanizmin tətbiqi təklif edilir

Ailə, Qadın və Uşaq Komitəsinin sədri Hicran Hüseynova boşanmaq istəyən ailələr üçün məhkəmələrdə barışdırıcı mexanizmin tətbiqini təklif edib.

Bu təşəbbüsü irəli sürən Ailə, Qadın və Uşaq Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, müasir dövrün aktual problemlərindən hesab edilən ailədaxili münaqişələrin həlli ailə təsisatının davamlılığı baxımından olduqca vacibdir:

“Əfsuslar olsun ki, bu gün biz münaqişəli ailələrin sayının artdığını müşahidə edirik. Bu da çox zaman boşanma ilə nəticələnir. Aparılan təhlillər göstərir ki, belə ailələrin boşanma səbəbləri bəzən həllediləndir. Lakin barışdırma mexanizminin olmaması və tərəflərin bir çox hallarda bir-birinə barışmaz mövqedə dayanması problemi daha da dərinləşdirir. Buna görə də məhkəmələrdə barışdırıcı mexanizmin tətbiq olunmasına ehtiyac var. Bu da “Mediasiya haqqında” qanunun qəbul edilməsini zəruri edir”.

Komitə sədri qeyd edib ki, mediasiya mülki, əmək və ailə hüquq münasibətlərindən yaranan mübahisələrin tənzimlənməsi məqsədilə tətbiq olunur. Bu qanun mübahisələrin həllinin alternativ üsuludur.

H.Hüseynova əlavə edib ki, komitə bununla bağlı bir sıra müsbət təcrübələri, əsasən də alman təcrübəsini araşdırıb:
“Hazırda Komitənin mərkəzlərində pilot layihə keçirilir və çox müsbət nəticələr əldə olunub. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində ölkəyə ekspertlərin dəvət olunması və yerli mütəxəssislərin hazırlanması ilə bağlı təklif edilib. Düşünürük ki, təklif reallaşarsa, yerli səviyyədə mediatorların hazırlanması və bu xidmətin ölkə üzrə göstərilməsinə nail olacağıq”.

//TrendAz