DGK-da sanitar və fitosanitar nəzarətin təkmilləşdirilməsi ilə bağlı müzakirələr aparılıb
    • 15-02-2019, 18:55
    • 665

DGK-da sanitar və fitosanitar nəzarətin təkmilləşdirilməsi ilə bağlı müzakirələr aparılıb

Bu gün Dövlət Gömrük Komitəsində (DGK) “Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük danışıqlarında İqtisadiyyat Nazirliyinin Ticarət Siyasəti və ÜTT şöbəsinə dəstək və potensialın gücləndirilməsi” layihəsi çərçivəsində beynəlxalq ekspertlərin iştirakı ilə müzakirələr aparılıb.

Komitədən News24.az-a verilən məlumata görə, görüşdə hazırlanmaqda olan yeni Sanitariya və Fitosanitariya (SFS) qanunvericiliyi, milli səviyyədə SFS tədbirləri, Qida Təhlükəsizliyi Agentliyinin nəzdində yaradılacaq Milli Bildiriş və Sorğu Mərkəzi ilə bağlı fikir mübadiləsi aparılıb.

SFS Sorğu Mərkəzi üzrə beynəlxalq ekspert Colm Halloran layihə və onun əhəmiyyəti barədə məlumat verərək bildirib ki, aidiyyəti dövlət qurumları ilə yanaşı, xarici ticarət iştirakçılarının da bu sahədəki müvafiq qanunvericiliyi və qaydaları mənimsəmələri gömrük prosedurlarının sürətli həyata keçirilməsinə şərait yaradacaq. Eyni zamanda, vurğulanıb ki, layihə Azərbaycanın ticarət tərəfdaşları ilə məlumat mübadiləsinin gücləndirilməsində də müsbət rol oynayacaq.

DGK Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsi rəisinin birinci müavini Rauf Məmmədov fitosanitar nəzarəti, sanitariya, baytarlıq haqqında qanunlar çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib. Qeyd edilib ki, 2009-cu ildən fitosanitar, baytar nəzarəti, sanitar və qida təhlükəsizliyi baxımından müasir prinsiplər əsasında dövlət sərhəd-buraxılış məntəqələrində yeni mexanizmlərin icrasına başlanılıb.

Daha sonra Sanitar və Fitosanitar Sorğu və Bildiriş Mərkəzinin daha səmərəli fəaliyyəti üçün DGK-nın rolu ilə bağlı müzakirələr aparılıb, ekspertlərin sualları cavablandırılıb.