Dövlət Gömrük Komitəsinin sədri ÜGT Baş katibinin müavini ilə görüşüb
    • 15-04-2019, 19:03
    • 1 075

Dövlət Gömrük Komitəsinin sədri ÜGT Baş katibinin müavini ilə görüşüb

Aprelin 15-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Ümumdünya Gömrük Təşkilatı Baş katibinin müavini Rikardo Trevino Çapa ilə görüşüb.

Görüş bu gün Bakı şəhərində başlayan Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans (IDEC) çərçivəsində keçirilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən News24.az-a daxil olan məlumata görə, qonağı səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev ÜGT ilə Azərbaycan gömrük xidməti arasında hər zaman səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu deyib, əməkdaşlığın hazırkı vəziyyətindən razılığını ifadə edib.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən davamlı islahatlardan bəhs edən Komitə sədri, eyni zamanda, gömrük sahəsində şəffaflığın təmin olunması istiqamətində atılan addımlardanvə gömrük orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsindən söhbət açıb. Vurğulanıb ki, Azərbaycan gömrüyü bu gün dünya gömrük ailəsinin etibarlı üzvüdür.

ÜGT-nin bir sıra beynəlxalq və regional tədbirlərinə Azərbaycanın ev sahibliyi etdiyini diqqətə çatdıran Səfər Mehdiyev, eyni zamanda, Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfransda  iştirakına görəqonağa təşəkkürünü bildirib.

ÜGT Baş katibinin müavini Rikardo Trevino Çapa Azərbaycana səfərindən, eləcə də Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfransda iştirakından məmnunluğunu bildirib. Təmsil etdiyi təşkilatda Azərbaycan Gömrük Xidmətinin rolunun yüksək qiymətləndirildiyini vurğulayan qonaq ÜGT ilə Azərbaycan gömrüyü arasında əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə və birgə fəaliyyət nəticəsində yeni nailiyyətlərin əldə olunacağına əminliyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.