Ərdoğandan seçkilərlə bağlı DAHA BİR AÇIQLAMA
    • 16-05-2023, 11:19
    • 307

Ərdoğandan seçkilərlə bağlı DAHA BİR AÇIQLAMA

“Mayın 28-ni Türkiyə əsrinin müjdəçisi edəcəyik”.

News24.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tvitterdə yazıb.

“Biz Cümhur İttifaqı olaraq ölkəmizin ən kritik seçkilərinin ilk sınağından alnıaçıq çıxdıq. Təxribatlara yol vermədən, təzyiqlərə məhəl qoymadan, qorxuya düşmədən, çətinliklər qarşısında təslim olmadan mübarizə apardıq. Zəhmətinizə, səylərinizə və fədakarlığınıza görə hər birinizə təşəkkür edirəm. Rəbbimə min dəfə şükür edirəm ki, mənə sizin kimi yoldaşlar verdi. 

İndi mayın 14-də əldə etdiyimiz uğuru daha böyük qələbə ilə taclandırmağın vaxtıdır... Seçkilərin ikinci turu 27 may çevrilişinin 63-cü ildönümündən bir gün sonra, mayın 28-də keçiriləcək. Biz öz siyasətinin mərkəzinə milli iradəni, vətənə, millətə xidmət eşqini qoyan bir ittifaqıq. Bizə qayğı göstərən, bu məqsədlə lazım olanda tanklara meydan oxuyan millətimizə minnət borcumuzu ancaq daha çox çalışmaqla, daha çox iş görməklə ödəyə bilərik.

Türkiyə bizdən xidmət gözləyir, hərəkət gözləyir, millətimiz bizdən hədəflərinə çatmağı gözləyir. Zəlzələdən zərərçəkənlərimiz yaralarının tezliklə sağalmasını gözləyirlər. Biz artıq 28 may seçkisi üçün çalışmağa qutunun rəngi bəlli olandan sonra başlamışıq. İnşallah qarşıdakı günləri ən yaxşı və ən məhsuldar şəkildə dəyərləndirəcəyik. Allahın izni ilə 28 mayı Türkiyə əsrinin müjdəçisi edəcəyik. Mən sizə inanıram”, - Ərdoğan qeyd edib.

Turan