37 yaşlı kişiylə nişanlandırılan azyaşlıdan YENİ XƏBƏR - Nişan pozuldu
    • 17-05-2023, 10:15
    • 542

37 yaşlı kişiylə nişanlandırılan azyaşlıdan YENİ XƏBƏR - Nişan pozuldu

Ötən gün özündən 24 yaş böyük dul kişi ilə nişanlandırılan qızdan yeni xəbər var.

News24.az  Xezerxeber.az-a istinadən xəbər verir ki, 13 yaşlı qız və bacısı ailədən alınacaq.

“Uşaqlar Dövlət Qurumları tərəfindən sığınacağa yerləşdiriləcək”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Həsən Əliyevin sözlərinə görə, artıq ailə ilə söhbət edilib. Baş tutan nişan pozulub.

“Uşaqlar Dövlətin himayəsinə alınıb.”

Komitə rəsmisinin sözlərinə görə, ailə Dövlət Qurumları tərəfindən nəzarətdə saxlanılacaq.

Daxili İşlər Nazirliyindən isə bildirildi ki, bu gün ailə ərazi üzrə 12-ci polis bölməsinə çağırılıb, müvafiq izahatlar alınıb.

5 il ərzində məktəbə getməyən şagird ilə bağlı 213 nömrəli tam orta məktəbin direktoru Səbinə Əliyeva isə “Xəzər Xəbər”ə bildirib ki, uşağın təhsildən yayınması ilə bağlı valideyni ilə dəfələrlə əlaqə saxlanılsa da, heç bir müsbət nəticə əldə olunmayıb.

Bununla bağlı Sabunçu Rayon Polis İdarəsinə və Rayon İcra Hakimiyyətinin nəznində yaradılmış Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi Komissiyasına məlumat verilib.

Sabunçu Rayon Polis İdarəsindən məktəbə verilən cavabda bildirilib ki, şagirdin ailə üzvləri ilə əlaqə saxlanılıb, profilaktik söhbət aparılıb, təhsildən yayınmanın aradan qaldırılması barədə xəbərdarlıq edilib. Lakin bütün bunlara baxmayaraq şagirdin təhsildən yayınması halı davam edib.

Sonda Sosial Xidmətlər Agentliyindən “Xəzər Xəbər”ə bildirildi ki, artıq 13 yaşlı qız azyaşlı bacısı ilə birlikdə sosial xidmət müəssisəsinə yerləşdirilib. Orada uşaqlara sosial-psixoloji və digər xidmətlər göstəriləcək.