“Qadın deputatlar parlamentdə danışmırlarsa, evdə oturub bozbaşlarını bişirsinlər” - Xalq şairi
    • 17-05-2023, 11:11
    • 225

“Qadın deputatlar parlamentdə danışmırlarsa, evdə oturub bozbaşlarını bişirsinlər” - Xalq şairi

Türkiyə mayın 14-də 13-cü prezidenti və 28-ci çağırış millət vəkillərini seçmək üçün seçki keçirdi.

Prezident seçkiləri ikinci turda qalsa da, parlamentə daxil olan deputatlar müəyyənləşib. Bu il əvvəlki dövrlə müqayisədə qardaş ölkədə qadın deputatların sayında artım müşahidə olunub.

28-ci çağırış parlamentində seçilən 600 deputatdan 479-u kişi, 121-i isə qadındır.

Bəs görəsən, Azərbaycanda niyə qadınlar bu sahədə fəal iştirak etmirlər? Onların siyasətə atılmasına kişilər mane olur, yoxsa özləri bunda maraqlı deyillər?

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq şairi Vahid Əziz qadınların parlamentdə təmsil olunmasının tərəfdarı olduğunu deyib:

“Türkiyə parlamentində 600, bizdə isə 125 deputat var. Görün fərq nə qədərdir, onlar bizdən 6 dəfə çoxdur. Proporsiya ilə götürəndə parlamentdə təmsil olunmaq müqayisəsi əslində düz gəlir. Amma ümumilikdə siyasətdən söhbət gedirsə, fikrimcə, qadınlar özləri fəal olmalıdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də qadınların parlamentdə təmsil olunma məsələsini gündəmdə saxlamalı, qadınları fəal olmağa səsləməlidir. Şəxsən mən qadınların parlamentdə olmasının tərəfdarıyam. Niyə olmasın ki? Qadınlar daha rəhmli, zərif düşüncəli olur. Amma bu gün parlamentdə olan qadınlarımız o qədər də fəallıq göstərmirlər. Mən efirlərdə də onları çox görmürəm. Mehriban xanım orada olanda çıxışlar edir, sözünü deyirdi. Amma indiki qadın deputatları eşitmirəm”. 

Onun sözlərinə görə, parlamentdə olan xanımlar aktiv olmalı, problemləri işıqlandırmalıdır:

“Əgər qadın aktiv deyilsə, onu parlamentdə oturtmağın nə mənası var? Onlar mütləq fəal olmalıdır. İndi biz deyirik ki, qadınları parlamentə seçək, yaxşı, seçək, mən də səs verərəm. Amma o fəal deyilsə, Milli Məclisə boş yerə gedib-gəlmək nəyə lazımdır? Ondansa, getsin otursun evində, bozbaşını bişirsin. 

Mən həmişə demişəm ki, hər kəs özünü saydırmağı bacarmalıdır. Əgər kimsə səni saymırsa, deməli, sən özünü saydırmağı bacarmamısan. Qadınlar da bu fikirdən yola çıxaraq özlərini saydırmağı bacarmalıdır. Bizdə biznesmen qadınlar çox azdır, olanlar da ya gözəllik salonu, ya da modalar evi açırlar. Təsərrüfatla, istehsalatla məşğul olan qadınlar tək-tükdür. Türkiyədə xanımlar daha fəaldır, nəinki Azərbaycanda. Baxmayaraq ki, Azərbaycanda sovet rejimi olub, qadın azadlığı məsələsi tez-tez gündəm olub, bizim xanımlar çox passivdirlər. türkiyə telekanallarında kənd qadınları bülbül kimi ötürlər, amma bizimkilər efirə çıxanda danışa bilmirlər.

Xanımlar özləri fəal olmalıdır ki, başqaları onları görsün, saysın. Bizim xanımlarda bir ismət, abır-həya bariyeri var, bu güclüdür. Məsələyə bu da təsir edir. Mən də istəyərəm ki, bizim ləyaqətli, savadlı xanımlarımız siyasi sferada təmsil olunsunlar”.