“AZZA”dan alınmış tortun içərisindən sellofan torba çıxıb - FOTO
    • 18-02-2019, 13:16
    • 1 488

“AZZA”dan alınmış tortun içərisindən sellofan torba çıxıb - FOTO

“AZZA” şirniyyat evindən alınmış tortun içərisindən sellofan torba çıxıb.

News24.az
xəbər verir ki, bu barədə “Report”a müraciət edən Bakı şəhər sakini Bayram Qubaxanlı məlumat verib.

 O bildirib ki, AZZA şirniyyat evinin paytaxtın Nəsimi rayonunda yerləşən filialından tort alıb. Amma tortu kəsən zaman içərisindən bükülmüş sellofan torba aşkarlanıb. O, rastlaşdığı xoşagəlməz hadisə ilə bağlı şirniyyat evinə müraciət etsə də, əvvəlcə tortun qaytarılmasının mümkün olmadığını bildiriblər.

Bir həftə sonra isə tortu geri alan şirniyyat evinin əməkdaşları hadisə ilə bağlı araşdırmalara başlanacağını qeyd ediblər: “Əvvəl tortu qaytarmaq isəmirdilər. Mənə dedilər ki, biz inanmırıq, bəlkə özünüz qoymusuz. Amma sonradan sübut olundu ki, sellofan torbanın alıcı tərəfindən tortun içərisinə qoyulması mümkünsüzdür. Mənə bildirdilər ki, araşdırmaların yekun nəticələri haqda məlumat veriləcək. Sonradan gah dedilər ki, sabah, gah dedilər ki, birisigün məlum olacaq. Bir həftədən sonra zəng etdilər ki, tortu götürə bilərəm. Mən də Nizami rayonunda yaşadığımdan orada yerləşən AZZA şirniyyat evindən tortu götürmək istədim. Mənə bildirdilər ki, hadisə ilə hansı filialda qarşılaşmışamsa, yalnız müraciət edə və tortu ancaq oradan götürə bilərəm. Nəhayət, bir həftəlik süründürməçilikdən sonra mən tortu qaytardığım filialdan götürə bildim”.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) “Report”un sorğusuna cavab olaraq bildirilirb ki, bununla bağlı araşdırmalara başlanılıb: "Araşdırmalar nəticəsində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək. Nəticələr barədə ictimaiyyətə məlumat veriləcək".
Agentlik vətəndaşlardan xahiş edir ki, belə hallarla qarşılaşdıqda Agentliyin 1003 qaynar xəttinə zəng edib məlumat versinlər: "Məlumatda məhsulun adı, istehsalçısı, istehsal tarixini qeyd etsinlər".

“Report” məsələ ilə əlaqədar “AZZA” şirniyyat evinə də müraciət edib. Şirkət belə bir hadisənin baş verdiyini təsdiqləsə də, məsələ ilə bağlı əlavə açıqlama vermək istəməyib.