Ət bahalaşacaq - Ekspert səbəbləri izah edir
    • 22-05-2023, 13:34
    • 175

Ət bahalaşacaq - Ekspert səbəbləri izah edir

Azərbaycana bu ilin yanvar-aprel aylarında 14,2 min ton ət idxal edilib. İdxal edilən ətin dəyəri 24,9 milyon dollar olub.
Bu göstəici ötən ili eyni dövrü ilə müqayisədə daha çoxdur. Belə ki, keçən ilin yanvar-aprel aylarında dəyəri 21,1 milyon dollar olmaqla 12,2 min ton ət idxal edilib.


Bu idxal göstəricilərinin artmasının əsas səbəbi nədir? Ətin daxili abazarda qiymətində dəyişiklik olacaqmı?

News24.az xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı-ekspert Elşad Məmmədov Bakupost.az -a açıqlama verib.

O, artan idxal asılılığının səbəblərini nəzərə çatdırıb:

“Qiymətlərin artması dünya bazarında ötən ildən başlayan inflyasiya ilə bağlıdır. Əslində bu trend daha öncə də var idi, amma keçən ildən daha da genişlənib. Digər tərəfdən, ölkədə bir çox istehlak malları idxaldan asılıdır. Bu malların arasında ət məhsulları da yer alır. Ona görə də bu gün belə nəticələri görürük. İdxaldan asılılığın yüksək səviyyədə olması ölkədə kənd təsərrüfatı sektorunun dayanıqlı inkişafındakı problemlərlə bağlıdır. Kənd təsərrüfatında fəaliyyət göstərən biznes qurumları maliyyə resurslarına, kredit imkanlarına çıxışda problemlərlə üzləşir. Buna görə də,kənd təsərrüfatında rentabellik aşağı olur. Bu da yerli istehsalın zəifləməsi və idxaldan asılılığın artmasına gətirib çıxarır”.

Ekspertin sözlərinə görə, bu məsələlərin həlli üçün bir sıra məqsədyönlü addımlar atılmalıdır:

“Yerli istehsalçılara dəstək verilməlidir. Kredit siyasəti yumşaldılmalı, fermerlərin, kənd təsərrüfatı ilə məşğul olan sahibkarların kredit imkanlarına çıxışı asanlaşdırılmalıdır. Bəzi məhsulları daxili istehsal mexanizmi ilə istehsal edə bilmiriksə, o zaman idxalla bağlı rüsumlar və məhdudiyyətlər aradan qaldırılmalıdır. Bunun əksini müşahidə etsək, qiymət artımı da gözləniləndir”.