"Konteyner daşımalarına nəzarət proqramı" üzrə təlim keçirilir
    • 18-02-2019, 18:00
    • 713

"Konteyner daşımalarına nəzarət proqramı" üzrə təlim keçirilir

Fevralın 18-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin və ÜGT-nin birgə layihəsi olan "Konteyner daşımalarına nəzarət proqramı" üzrə təlim başlayıb.

"Konteyner daşımalarına nəzarət proqramı"nın məqsədi müxtəlif dövlətlərin gömrük xidmətləri arasında məlumat mübadiləsi əsasında, o cümlədən limanlarda yaradılan qruplarla birgə əməkdaşlıq çərçivəsində konteyner daşımalarına nəzarət etmək, narkotiklərin qanunsuz dövriyyəsinin qarşısını almaqdır.

News24.az xəbər verir ki, proqramın icrasını təmin etmək məqsədilə yeni təyin olunan əlaqələndirici və icraçılar üçün nəzərdə tutulan təlimdə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə, gizlətmə üsulları, internetdən məlumat emalı tətbiqinin mənbəyi kimi istifadə, narkotik qaçaqmalçılığına dair "RIP on-RIP off" əməliyyat metodu haqqında məlumat veriləcək.

Təlimin açılış mərasimində Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini, gömrük xidməti general-mayoru Güloğlan Muradlı "Konteyner daşımalarına nəzarət proqramı" barədə danışıb. Qeyd edib ki, hazırda 55 ölkədə tətbiq olunan proqrama Azərbaycan Respublikası 2011-ci ildən qoşulub və indiyədək gömrükçülər üçün bir sıra təlim-təcrübə məşğələləri təşkil olunub.

Güloğlan Muradlı onu da bildirib ki, "Konteyner daşımalarına nəzarət proqramı"nın icrası ilə bağlı Dövlət Gömrük Komitəsinin fəaliyyəti aidiyyəti beynəlxaq qurumlar tərəfindən yüksək qiymətləndirilib. Proqram müvafiq sahədə Azərbaycanın səylərini ortaya qoymaq üçün əla fürsətdir və bu səbəbdən proqram çərçivəsində müsbət nəticələrə nail olunmalıdır.

Sonra təlim başlayıb.

Təlim zamanı iştirakçılar riskin qiymətləndirilməsi və idarə edilməsi, regional yanaşma, kommersiya sənədləri üzərində risk təhlili, risk göstəriciləri, beynəlxalq əməkdaşlıq və xüsusi layihələr, əqli mülkiyyət hüquqları - əqli mülkiyyətin idarə edilməsi və digər mövzularda bilik və bacarıqlarını artıracaqlar.

Həmçinin ÜGT-nin Gömrük Hüquq Mühafizə Şəbəkəsi, təchizat zəncirinin təhlükəsizliyi və gömrük-biznes əməkdaşlığı və Səlahiyyətli İqtisadi Operator proqramları, narkotik vasitələr üzrə beynəlxalq konvensiyalar haqqında geniş bilik əldə ediləcək. Bundan başqa, təlim zamanı praktiki məşğələlər keçiriləcək, konteynerlərdə gizlətmə üsulları, konteynerdə axtarış və plombların saxtalaşdırılmasına dair ətraflı məlumat veriləcək.

Təlimi "Konteyner daşımalarına nəzarət proqramı"nın təlimçi eksperti - Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin rəis müavini Fikrət Ələsgərli və milli əlaqələndiricisi - Əməliyyat-İstintaq Baş İdarəsinin Xarici tərəfdaşlarla əməkdaşlıq şöbəsinin rəisi Azad Vəliyev aparır.

Təlim fevralın 22-dək davam edəcək.