Bakıda evli kişi ondan əl çəkməyən sevgilisini belə cəzalandırdı
    • 25-05-2023, 17:07
    • 1 243

Bakıda evli kişi ondan əl çəkməyən sevgilisini belə cəzalandırdı

Bakıda sevgilisini döyən 39 yaşlı Arzuman Abdullayev məhkəmə qarşısına çıxarılıb.

News24.az-ın əldə etdiyi məlumata görə, 1984-cü il təvəllüdlü şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (Döymək) maddəsi ilə açılan protokola Nizami Rayon Məhkəməsində baxılıb.

Hakim Mətanət Hacıyevanın sədrliyi ilə protokola baxılarkən maraqlı məqamlar üzə çıxıb. Bəlli olub ki, evli və 3 uşaq atası olan Arzuman Xəyalə adlı qızla sevgili olub və onların qeyri-rəsmi nikahdan 1 uşaqları dünyaya gəlib. Lakin sonradan Arzuman sevgilisindən uzaqlaşıb və onun nömrəsini bloka atıb. Bundan sonra Xəyalə uşağının atasını təqib etməyə başlayıb və ondan müalicə xərclərini ödəməsini tələb edib.

Dava-dalaş da Xəyalə Arzumanın evinin qarşısında onun maşının yanında baş verib. Məhkəmədə Arzuman Abdullayev ifadəsində deyib:
“Xəyalə ilə qeyri-rəsmi nikahda yaşamışıq, bir övladımız dünyaya gəlib, hazırda uşağa görə aliment ödəyirəm. Ayrıldığımız gündən Xəyalə yaşadığım evə gələrək, söyüş söyür, məni təhqir edərək nalayiq ifadələr işlədir. Hadisə baş verən gün saat 11 radələrində Nizami rayonunda yaşadığım evdən çıxıb avtomobilə əyləşən zaman Xəyalə yaxınlaşaraq məni söyüb-təhqir etməyə başladı. Telefonumla onun hərəkətlərini çəkmək istəyəndə Xəyalə telefonu əlimdən alıb yerə çırparaq sındırdı. Bundan sonra maşınıma mindi, ona maşından düşməyini təkid etsəm də, Xəyalə razılaşmadı. Məcbur olub onu maşında 24-cü PŞ-nə gətirdim. Şöbədə də polislər onu avtomobildən düşürə bilmirdilər. Mübahisə zamanı mən Xəyaləyə heç bir xəsarət yetirməmişəm, onu maşına zorla mindirməmişəm, özü könüllü minib. Xəyalə məndən əl çəkmir, mobil telefonuma, evimə zəng edir, harada görsə təhqir edir. Mən evliyəm, 3 uşağım var. Uzaqlaşdırma qərarı çıxarılması üçün məhkəməyə verdiyim ərizə də təmin olunmayıb”.

İfadə verən Xəyalə Nəsirova isə deyib ki, Arzuman uşağı və onu atıb, övladının xərclərini ödəmir: “Bu hadisə ilk dəfə baş vermir, dəfələrlə döyülmüşəm, təhqirlərə məruz qalmışam. Mən Arzumanın evinə getməmişəm, sadəcə maşının yanında dayanaraq onun çıxmasını gözləmişəm. Bir neçə gün əvvəl uşağın səhhətində problem olduğu üçün xəstəxanaya həkimə aparmışdım, orada 600-700 manatlıq dərman yazıldı. Bununla bağlı Arzumana zəng etdikdə nömrəmi bloka atdığı üçün əlaqə saxlaya bilmədim. Bu səbəbdən də Arzumanla görüşüb uşağın müalicəsi üçün 100 manat pul lazım olduğunu dedim. Ancaq Arzuman pul vermədi, məni və uşağı söydü. Qarşılığında mən də Arzumanı söydüm. Bu zaman o, telefonunu çıxararaq məni çəkməyə başladı. O, özü söyüş söyərkən çəkmirdi, amma mən əsəbləşib onu söyməyə başlayanda lentə alırdı.

Telefonu Arzumanın əlindən alıb yerə atdım. Həmin an Arzuman əvvəlcə qulağıma, sonra da sinəmə yumruqla vurdu. Avtomobilə isə ani olaraq mindim. Hirsimdən "düş" desə də, düşmədim. Arzuman avtomobili Polis Şöbəsinə sürdü, şöbədə ərizə verib birbaşa ekspertizaya getdim”.

Qeyd edək ki, ekspertiza rəyində Xəyalə Nəsirovaya xəsarətlərin yetirilməsi təsdiq edilib.

Nizami rayon Məhkəməsinin qərarı ilə Arzuman Abdullayevə 500 manat pul cəriməsi cəzası verilib.

Taleh BAĞIROV