Bərdədə istehlaka yararsız məhsulların satışının qarşısı ALINDI
    • 26-05-2023, 17:36
    • 273

Bərdədə istehlaka yararsız məhsulların satışının qarşısı ALINDI

İstehlaka yararsız məhsulların satışının qarşısı alınıb.

Bu barədə News24.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumat verilib.

Bildirilib ki, tədbirlər çərçivəsində AQTA-nın əməkdaşları tərəfindən Bərdə rayonunun Güloğlular kəndində fəaliyyət göstərən və hüquqi şəxs “Promart” MMC-yə məxsus olan “Megastore” ərzaq məhsullarının pərakəndə satış mağazasında yoxlama həyata keçirilib.

Yoxlama zamanı mağazada qida təhlükəsizliyi sahəsində qüvvədə olan normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, mağazada istifadə müddəti bitmiş və etiket qaydalarına riayət olunmadan bəzi qida məhsullarının satışa təqdim edildiyi aşkarlanıb. Həmçinin mağazanın anbarında mal qonşuluğu prinsipinə riayət olunmadığı, bəzi ərzaq məhsullarının birbaşa divara bitişik formada saxlanıldığı, mexaniki havalandırma sisteminin quraşdırılmadığı, eləcə də iş prosesi zamanı əmələ gələn tullantıların ağzı kip bağlanan və qoxu yaymayan qablara yığılmadığı məlum olub.

Mağazada aşkarlanan pozuntularla bağlı protokol tərtib edilib. Həmçinin saxlanma müddəti bitmiş və etiket qaydalarına riayət olunmadan satışa təqdim edilən məhsulların məhv olunması barədə qərar qəbul edilib.