Növbəti sahilboyu təmizlik aksiyası BAŞLADI
    • 27-05-2023, 10:00
    • 199

Növbəti sahilboyu təmizlik aksiyası BAŞLADI

Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman Nazirliklərinin təşkilatçılığı, “Təmiz Şəhər” ASC-nin, idman federasiyalarının nümayəndələrinin, ekokönüllülərin iştirakı ilə bu gün Xəzər dənizinin Zirə qəsəbəsi sahilində, eyni zamanda şimaldan cənuba doğru bütün sahilboyu ərazilərdə təmizlik aksiyaları keçirilib.

News24.az xəbər verir ki, aksiyalar zamanı sahil zolağı plastik və digər tullantılarından təmizlənib, tullantılar toplanaraq aidiyyəti üzrə daşınıb.

Təmizlik aksiyasının keçirilməsində məqsəd dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və ictimaiyyəti  ətraf mühitinin mühafizəsi sahəsində mübarizəyə cəlb etməkdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi  hər kəsi ətraf mühitin mühafizəsinə yönələn bu cür tədbirlərdə fəal iştirak etməyə,  təbiətə qayğı və həssas münasibət göstərməyə çağırır.

Qeyd edək ki, sahilboyu ərazilərin təmizlənməsi məqsədi daşıyan bu cür aksiyaların mövsüm boyu hər həftə sonu keçirilməsi nəzərdə tutulub.

Qumral Əliyeva