Ərdoğan saatlar sonra and içəcək - İlham Əliyev və bu liderlər Ankaraya gedir
    • 3-06-2023, 11:39
    • 253

Ərdoğan saatlar sonra and içəcək - İlham Əliyev və bu liderlər Ankaraya gedir

İyunun 3-də Ankaradakı prezident kompleksində keçiriləcək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində 21 dövlət başçısı və 13 baş nazir, o cümlədən bir çox nazirlər və Türk Dövlətləri Təşkilatı, NATO və İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla, bir sıra beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək.

News24.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Rəcəb Tayyib Ərdoğan bu gün saat 14:00-da Türkiyə Böyük Millət Məclisində and içəcək. O, mandatını TMBM-nin müvəqqəti sədri Dövlət Baxçalıdan alacaq.

Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Venesuela Prezidenti Nikolas Maduro, Bolqarıstan Prezidenti Rumen Radev, Qabon Prezidenti Ali Bonqo Ondimba, Qvineya-Bisau Prezidenti Umaro Sissoko Embalo, Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa, Monteneqro Prezidenti Yakov Milatoviç, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Konqo Prezidenti Denis Sassou Nguesso, Kosovo Prezidenti Vyosa Osmani, Şimali Kipr TC Prezidenti Ersin Tatar, Şimali Makedoniya Prezidenti Stevo Pendarovski, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Ruanda Prezidenti Paul Kaqame, Seneqal Prezidenti Maki Sall, Somali Prezidenti Həsən Şeyx Mahmud, Toqo Prezidenti For Essozimna Qnassingbe, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov, Banqladeş Prezidenti Məhəmməd Şahabuddin Çuppu, Qvineya Prezidenti Mamady Dumbua iştirak edəcəklər.

Fəxri qonaqlar siyahısında Pakistanın baş naziri Şahbaz Şərif, Macarıstanın baş naziri Viktor Orban, Ermənistanın baş naziri Nikol Paşinyan və Liviyanın baş naziri Əbdülhəmid Dibeybe də daxil olmaqla 13 baş nazir var.

Mərasimdə, həmçinin Türk Dövlətləri Təşkilatının baş katibi Kubaniçbek Omuraliev, NATO-nun baş katibi Yens Stoltenberq və İslam Əməkdaşlıq Təşkilatının baş katibi Hüseyn İbrahim Taha da daxil olmaqla 8 beynəlxalq təşkilatın nümayəndələri iştirak edəcək.

Parlamentin spikerləri səviyyəsində 12 ölkə, o cümlədən Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Çin Ümumçin Xalq Nümayəndələri Konqresinin Daimi Komitəsinin sədr müavini Dinq Çjonqli təmsil olunacaq. Mərasimdə Almaniyanın keçmiş prezidenti Kristian Vulf, Almaniyanın keçmiş kansleri Gerhard Şröder, Şimali Kiprin keçmiş prezidenti Derviş Eroğlu, Bosniya və Herseqovina Prezident Şurasının keçmiş üzvü Bakir İzetbeqoviç və İsveçin keçmiş baş naziri Karl Bildt iştirak edəcək.

İnauqurasiya mərasimi başa çatdıqdan sonra Türkiyə Prezidenti Nazirlər Kabinetinin yeni tərkibini açıqlayacaq.

Akqabay