Şagirdlərin təhsildən yayınmasının səbəbləri AÇIQLANDI
    • 5-06-2023, 12:29
    • 262

Şagirdlərin təhsildən yayınmasının səbəbləri AÇIQLANDI

Bu il yerli idarələrin vasitəsilə şagirdlərin təhsildən yayınması hallarının minimuma düşməsinin şahidi olduq.

News24.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev 2022-2023-cü tədris ilinin yekunları, növbəti tədris ili üzrə gözləntilər və digər məsələlərlə bağlı media nümayəndələri ilə keçirilən maarifləndirici görüşdə deyib.

O bildirib ki, xüsusən regionlarda təhsildən yayınma halları yüksək idi.

"Bu istiqamətdə monitorinqlər aparılıb. Oktyabrdan etibarən, hər ay təhsildən yayınma ilə bağlı aylıq hesabatlar toplanılıb. Hər ay dinamikada azalma müşahidə etmişik".

Şöbə müdiri qeyd edib ki, təhsildən yayınma hallarının bir sıra səbəbləri var.

"Bunlardan birincisi, uşağın yaşayış yerini dəyişdirməsi, ikincisi, valideynlərin maarifləndirilməsi istiqamətində problemlərin olmasıdır. Hazırda valideynlərin maarifləndirilməsi istiqamətində iş aparılır".

Elnur Əliyev qeyd edib ki, bu il yerlərdə məktəblərdə dərsə davamiyyət məsələsi də ciddi yoxlanılıb:

"Pandemiyadan sonra davamiyyətlə bağlı ciddi problem var idi. Uşaqlar tez-tez dərsə getmək istəmirdilər. Bu proses təkcə bizdə yox, bütün dünyada gedirdi. Araşdırmalar göstərir ki, təhsil nailiyyətləri davamiyyətlə sıx bağlıdır. Təhsildə davamlılıq nə qədər sıx olarsa, nailiyyətlər də bir o qədər yüksək olar".