Azərbaycanda 1 Gbit/s internet sürəti testdən keçdi
    • 6-06-2023, 15:14
    • 537

Azərbaycanda 1 Gbit/s internet sürəti testdən keçdi

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev gələn ilin sonunadək hər bir internet istifadəçisinə minimum 25 Mbit/s internet sürəti ilə təmin ediləcəyini bildirmişdi. Ancaq bu gün situasiya xeyli yaxşılığa doğru dəyişib. Belə ki, dövlət operatoru “Baktelecom” kim istəsə, ona GPON texnologiyayla 1 Gb/s sürət verməyə hazır olduğunu açıqlayıb.

News24.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz qeyd edib.

O.Gündüz bildirib ki, qurum “Nokia” ilə əməkdaşlıq çərçivəsində 1 Gbit/s internet sürət testlərini uğurla başa çatdırdığını açıqlayıb:

“Xeyli müddətdir ölkədə dövlət-özəl tərəfdaşlıq modeli ilə “Onlayn Azərbaycan” layihəsi həyata keçirilir. Bu layihəylə RİNN 2024-cü ilə ölkənin ən ucqar nöqtəsinə də fiber optik internet bağlantısını təmin etməyi hədəfləyib. Müşahidələr göstərir ki, bu istiqamətdə dövlət və özəl provayderlər tərəfindən xeyli işlər görülsə də, regionlarda ləngimələr var. Qoşulmalar gec reallaşır. Bəzən yerlərdə özəllərə maneəçiliklər də müşahidə olunur. Amma “Baktelecom”un bu gün açıqladığı məlumatdan belə anlamaq olar ki, artıq Bakı şəhəri və ətraf ərazilər üzrə keyfiyyətli infrastruktur tam əlçatandır.

Görünür, qurum şəhərdə arxivə verilməli olan ADSL infrastrukturunu tam yeniləyə bilib. İndiyədək “Baktelecom”un təklif etdiyi sürət 10 dəfə az olub. Qurum təxminən 100 Mbit/s internet sürəti (50 manat) onun içərisində, telefoniya, TV və s. xidmətləri təklif edirdi. Yeri gəlmişkən, 1 Gbit/s sürətində internetin istifadəsi yalnız bu sürəti dəstəkləyən mobil və ya kompüter cihazlarında və xüsusi modem üzərindən mümkündür.

Beləliklə, korporativ müştərilər, daha yüksək keyfiyyətli xidmət əldə etmək istəyənlər üçün, multimedia məhsullarla, video və irihəcmli datalarla işləyənlər üçün bu xidmət xeyli faydalı olacaq. Güman ki, yaxın günlərdə “Baktelecom” 1 Gbit/s sürət üçün yeni tariflərini də açıqlayacaq”.