"Laçın" tankeri suya buraxıldı
    • 21-02-2019, 16:18
    • 2 427

"Laçın" tankeri suya buraxıldı

Azərbaycanda inşa olunan "Laçın" adlı ilk tanker bu gün suya salınıb. 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC - nin mətbuat Katibi Mehman Mehdiyevin News24.Az-a bildirib ki, hazırda Gəmiqayırma Zavodunda ASCO üçün iki RST12C tipli yeni nəsil tanker,  iki unikal “Ro-Pax” tipli (CNF- 18C) gəmi-bərə tikilir. İnşası qrafikə uyğun davam etdirilən bu gəmilər növbə ilə 2020-ci ilin sonuna kimi təhvil veriləcək.
Artıq həmin gəmilərdən birinin – “Laçın” neftdaşıyan tankerinin gövdə hissəsinin tikintisi 100% tamamlanıb.  Rəqəmlərlə ifadə etdikdə, bu, 860,000 xəsarətsiz iş saatı deməkdir. Qalan tikinti və quraşdırma işləri Gəmiqayırma Zavodunun yanalma körpüsündə davam etdiriləcək. Bu məqsədlə “Laçın” tankeri Zavodun tikinti-quraşdırma sahəsindən üzən dok üzərindən hidravlik arabacıqlar vasitəsi ilə suya salınıb. Gəminin inşası tam başa çatdırıldıqdan sonra dəniz-istismar sınaqlarına başlanacaq.
Bütövlükdə “Laçın” tankerinin 2019-cu ilin iyununda təhvili planlaşdırılır.
ASCO-nun sifarişi əsasında inşa olunan bu tip yeni nəsil tankerlərin uzunluğu 141, eni 16.9, hündürlüyü isə 6 metrdir. Dedveyti dənizdə 7,875 T və çayda 5,447 T olan tankerlər iki ədəd hər biri 1,200kW gücə malik “Wartsila” istehsalı mühərriklərlə təchiz edilib. 11 nəfərlik heyətlə idarə olunan bu gəmilər 10 uzellə hərəkət edir. Tankerlərin hər biri xam neft və neft məhsullarının daşınması üçün ümumi tutumu 9212 kubmetr olan altı yük tankına malikdir. Unikallığı ilə seçilən bu üzən vasitələrin layihəsini Odessa Dəniz Mühəndisliyi Bürosu hazırlayıb.
Gəminin suya salınması mərasimində iqtisadiyyat naziri Şahin Mustafayev, Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanov,  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov  və “Bakı Gəmiqayırma Zavodu” MMC-nin baş direktoru İmanverdi Həsənov iştirak ediblər.
Suyasalınma mərasiminə Azərbaycan Dövlət Dəniz Akademiyasının  tələbələri də qatılıblar.  Mərasim çərçivəsində ASCO-nun sədri Rauf Vəliyev və “Bakı Gəmiqayırma Zavodu” MMC-nin baş direktoru İmanverdi Həsənov tələbələri Bakı Gəmiqayırma Zavodunun fəaliyyəti və burada tikilən yeni gəmilərlə yaxından tanış ediblər. Onlar bildiriblər ki, müasir gəmilərin inşası dənizçilərimiz üçün yeni iş yerlərinin açılması baxımından da önəmlidir. Rauf Vəliyev və İmanverdi Həsənov məhz təhsilində fərqlənən tələbələrin gələcəkdə həm zavodda, həm də gəmilərdə işləmək imkanlarının olduğunu qeyd ediblər.
Sonda isə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ilə “Bakı Gəmiqayırma Zavodu” MMC arasında eyni tipli daha iki tankerin tikintisi üçün yeni müqavilə imzalanıb.

Xatırladaq ki, Bakı Gəmiqayırma Zavodu 2013-cü il sentyabrın 20-də cənab Prezident İlham Əliyevin iştirakı ilə rəsmi fəaliyyətə başlayıb. Hazırda burada 1300-ə yaxın yerli mütəxəssis və işçi heyəti çalışır.

News24.Az