14 milyon dollarlıq "Laçın"dan VİDEOREPORTAJ - FOTOLAR
    • 16-12-2019, 18:13
    • 2 663

14 milyon dollarlıq "Laçın"dan VİDEOREPORTAJ - FOTOLAR

Dekabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sifarişi əsasında ”Bakı Gəmiqayırma Zavodu” MMC-də inşa olunan ilk tankerin istismara verilməsi, RoPax tipli “Azərbaycan" bərə–gəmisinin tikintisinin növbəti mərhələsinin davam etdirilməsi üçün suya salınması mərasimi keçirilib.

News24.az xəbər verir ki, bu gün isə Kütləvi İnformasiya Vasitələrinin nümayəndələr üçün Bakı Gəmiqayırma Zavoduna media-tur təşkil olunub.

Media-turun əsas məqsədi özünəməxsusluğu ilə seçilən və Odessa Dəniz Mühəndisliyi Bürosunun layihəsi əsasında yerli mütəxəssislər tərəfindən inşa edilən “Laçın" adlı tanker və “Azərbaycan” gəmi-bərəsi ilə tanışlıq olub.


Gəminin uzunluğu 141, eni 169 metrdir. 15 nəfərlik heyətə malik bu gəmi saatda 10 uzel sürətlə hərəkət edə biləcək. Tanker xam neft və neft məhsulları daşınması üçün nəzərdə tutulmuş ümumi tutumu 9212 kubmetr olan 6 yük tankına malikdir. Dedveyli dənizdə 7,875 ton olan tanker iki ədəd “Wartsila” istehsalı mühərriklə təchiz edilib.

"Laçın" tankeri nəinki Xəzərdə neft və neft məhsullarının daşınmasını, həmçinin Volqa-Don və Volqa–Balt kanalları ilə Xəzərdən kənar hövzələrə də maye yüklərin daşınmasını təmin edəcək. Hazırda Bakı Gəmiqayırma Zavodunda ASCO–nun sifarişi əsasında bu tip daha üç tankerin tikintisi aparılır.

“Laçın” gəmisinin kapitanı Elmar Səlimov qeyd edib ki, tanker neft və neft məhsullarının daşınmasını, həmçinin Volqa-Don və Volqa-Balt kanalları ilə Xəzərdən kənar hövzələrə də maye yüklərini daşıyacaq: ““Laçın” tam yerli istehsaldır. Yükalma qabiliyyəti 7875 tondur. Gəminin üstünlüyü çayda və dənizdə üzə bilmə qabiliyyətidir. Əsas məqsəd Volqa-Don çayıdır. Bildiyiniz kimi Xəzər dənizindən çıxmaq üçün yoldur. Yəni, Xəzər dənizindən götürdüyü yükü Qara dənizə apara bilər”.

Sonra jurnalistlər inşasının növbəti mərhələsinin davam etdirilməsi məqsədilə yeni suya salınan RoPax tipli “Azərbaycan" bərə-gəmisi ilə tanış olublar.

Media nümayəndələrinə məlumat verilib ki, bu gəminin gövdə hissəsinin inşası 100% başa çatıb. Qalan tikinti və quraşdırma işləri Gəmiqayırma Zavodunun yanalma körpüsündə davam etdiriləcək. Bu məqsədlə gəmi-bərə Zavodun tikinti-quraşdırma sahəsindən üzən dok üzərindən hidravlik arabacıqlarla suya salınıb.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin mətbuat katibi Mehman Mehdiyev “Azərbaycan” gəmi-bərəsi haqda News24.az-a ətraflı məlumat verib: “2020-ci ildə artıq suya buraxılan “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi gözlənilir. May ayında onun artıq səfərlərə çıxması planlaşdırılır. Bu bərə də Azərbaycan tikilən unikal tipli gəmi-bərədir”.

Unikal RoPax tipli gəmi-bərənin uzunluğu 154, 50, eni 17,7 metr, sürəti 14 uzelə bərabərdir. Gəmi 56 vaqon-çən, 50 yük maşını və 100 sərnişin daşımaq imkanına malikdir. Heyət sayı 30 nəfərdən ibarət olacaq bu tipli gəminin konsepsiyası Odessa Dəniz Mühəndisliyi Bürosu və ASCO-nun təcrübəli mütəxəssisləri ilə birgə hazırlanıb.

"Azərbaycan" RoPax tipli bərə gəmisi, eləcə də hazırda inşası davam edən daha 1 ədəd eyni tipli bərə gəmisi Şərq-Qərb nəqliyyat dəhlizi üzrə Xəzər üzərindən keçən və artmaqda olan tranzit yüklərin daşınmasına mühüm töhfə verəcəyi qeyd olunub.

Media-tur Bakı Gəmiqayırma Zavodunun baş meneceri İmamverdi Həsənovun jurnalistlərin suallarını cavablandırması ilə başa çatıb. İ.Həsənov zavodun hazırda 6 layihə üzərində çalışdığını bildirib: “Hazırda altı layihə həyata keçirilir. Onlardan dördü tanker, ikisi isə bərə gəmisidir. Artıq tanker gəmisinin biri təhvil verilmək ərəfəsindədir. Digər layihələr isə müqaviləyə uyğun olaraq vaxtında təhvil veriləcək. Bunların hamısı Xəzər Dəniz Gəmiçiliyinin sifarişləridir. Bu tipli tankerlər adətən Rusiya zavodlarında inşa edilib. Eyni zamanda da Türkiyə zavodları da bu günə qədər gəmilər inşa edib. Onlar demək olar ki, sovet dövründə layihələndirilmiş layihələrdir. Amma bizim tikdiyimiz “Laçın” gəmisi tam yeni və yaxşılaşdırılmış layihədir”.

Teymur Məmmədov
Foto/Video: Fərid Şabanov