“Onu evləndirmək istəyirdik, torpaq almışdıq” – “Azərsun” əməkdaşı niyə öldürüldü?
    • 9-06-2023, 13:04
    • 27 908

“Onu evləndirmək istəyirdik, torpaq almışdıq” – “Azərsun” əməkdaşı niyə öldürüldü?

Abşeronda iş yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Elnur Salmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

News24.az-ın əldə etdiyi məlumata görə, Sumqayıt şəhər Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə baxılan işdə 1991-ci il təvəllüdlü E.Salmanov Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma – ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilib.

Bildirilib ki, cinayət hadisəsi 2021-ci ilin oktyabrında “Azərsun”un “Sunfood” MMC-sində baş verib. E.Salmanov Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Şamaxı şossesinin 6-cı kilometrində yerləşən binada fəhlələr üçün nəzərdə tutulmuş yerdə iş yoldaşı Şahin İslamovu bıçaqlayaraq öldürüb.

O, məhkəmədə bildirib ki, hadisə axşam saat 19 radələrində baş verib: “Həmin gün səhər növbəni təhvil verəndə paltardəyişmə otağında Şahin mənim şkafımın qarşısını kəsmişdi. Ona kənara çəkilməsini deyəndə aramızda dava düşdü. O, mənə vuraraq xəsarətlər yetirdi. Evə gedəndən sonra bıçaq götürdüm və həmin gün axşam işə gələndə Şahinin tək olmasını görüb ona yaxınlaşdım və bıçaqla vurdum”.

Mərhum Şahin İslamovun atası deyib ki, hadisə zamanı oğlunun daxili orqanları çölə tökülüb: “Səhər Şahin işə getdi, axşam xəbər gəldi ki, oğlum xəstəxanadadır. Həkimlər Şahinin vəziyyətinin çox ağır olduğunu, belə bir xəsarətlə yaşamağının mümkün olmadığını dedilər. Oğlumun bağırsaqları yerə tökülmüşdü, özüm yerdən yığdım. Hadisəni törədən şəxsə ağır cəza tələb edirəm”.

Mərhum Şahin İslamovun anası isə hadisədən əvvəl oğlunun toyunun planlaşdırıldığını deyib: “Şahin 2019-cu ilin iyul ayından "Azərsun"un Logistika şöbəsində fəhlə işləyirdi. Şahini evləndirmək üçün bankdan kredit götürüb torpaq sahəsi almışdıq. O da işləyib bizə maddi baxımdan kömək eləyirdi. Həmin gün Şahinin vurulmağını eşidib yoldaşımla xəstəxanaya getdik. Oğlumun əməliyyatda olduğunu öyrəndik. Əməliyyat 6 saat davam etdi, sonra Şahini reanimasiyaya keçirdilər. Həkimlər Şahinin vəziyyətinin çox ağır olduğunu, belə bir xəsarətlə yaşamağın mümkün olmadığını dedilər. Əməliyyat zamanı oğlumun dalağının, mədəsinin bir hissəsinin kəsilib çıxarıldığını, hətta şah damarının kəsili olduğunu, gətirilən zaman bağırsaqlarının yarısının çöldə olduğunu dedilər. Bir də dedilər ki, üç günə komadan ayılsa, yaşayacağına ümid etmək olar. Amma üç gündən sonra, yəni 10 oktyabr 2021-ci il tarixdə axşam saatlarında Şahin xəstəxanada vəfat etdi”.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən proses bu il iyunun 1-də başa çatıb. Məhkəmənin hökmü ilə iş yoldaşını qətlə yetirən şəxsə 11 il azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Taleh BAĞIROV