“Plastik üzrə 2-ci Forum” öz işinə yekun vurub - FOTO
    • 22-02-2019, 10:15
    • 667

“Plastik üzrə 2-ci Forum” öz işinə yekun vurub - FOTO

Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə Yarat Müasir İncəsənət Mərkəzində keçirilən “Plastik üzrə 2-ci Forum” başa çatıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, səfir xanım Karol Kroftsun sədrliyi ilə keçən Forumda Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson, Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Rauf Hacıyev, Böyük Britaniyanın Beynəlxalq Ticarət Departamentinin tullantıların idarə olunması üzrə mütəxəssisi Debora Saks, ETSN-nin, müvafiq dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının və bu sahədə fəaliyyət göstərən istehsalçı müəssisələrin nümayəndələri iştirak edib.

Forumda Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev Azərbaycanda plastik tullantıların çeşidlənməsi və təkrar emalı ilə bağlı başladılan işlər barədə çıxış edib, britaniyalı nümayəndələr isə plastik tullantıların idarə olunmasında müasir təcrübələr, bu sahədə qəbul olunmuş strateji sənədlər və hədəflər haqqında məlumat verib.

Böyük Britaniya səfirliyinin təşəbbüsü ilə bu ölkəyə səfər etmiş ETSN-nin əməkdaşları Mehman Nəbiyev və Türkən Kərimzadə tərəfindən plastik tullantıların idarə olunmasında Britaniya  təcrübəsi və Azərbaycanda bu sahədə ölkə prezidentinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq görüləcək işlər haqqında, Nazirliyin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova isə Nazirlik tərəfindən həyata keçirilən təbliğat tədbirləri barədə geniş təqdimat keçiriblər.

 Forum plastik tullantıların idarə olunması ilə bağlı aparılan müzakirələrlə öz işini yekunlaşdırıb.