Azərbaycan diaspor təşkilatları bəyanat yaydı
    • 13-06-2023, 11:27
    • 321

Azərbaycan diaspor təşkilatları bəyanat yaydı

Azərbaycan diaspor təşkilatları Ermənistanın Azərbaycanla, Naxçıvan Muxtar Respublikası ilə sərhəddə - Yerasx (Arazdəyən) kəndində iri metallurgiya zavodunun inşasının aparılması ilə bağlı beynəlxalq təşkilatlara ünvanlanan bəyanat yayıb.

News24.az xəbər verir ki, bəyanatda deyilir:

“Biz, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Ermənistanın Azərbaycanla, Naxçıvan Muxtar Respublikası ilə sərhəddə - Yerasx (Arazdəyən) kəndində iri metallurgiya zavodunun inşasının aparılması ilə bağlı xəbərini dərin hiddətlə qarşılayır və bu reallığı Ermənistanın ekoloji vəziyyətin gərginləşməsi istiqamətində növbəti addımının ifşası kimi dəyərləndiririk.

16 500 kvadratmetr sahədə illik  istehsal  gücü 180 000 ton olan  belə  bir zavodun tikilməsi Ermənistan tərəfindən beynəlxalq hüquq norma və prinsiplərinin, xüsusilə də BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə  ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasının (Espo Konvensiyası) müddəlarının kobud surətdə pozulması deməkdir.

Mövcud Espo Konvensiyasının müddəalarına görə, Ermənistan öz ərazisində planlaşdırdığı belə bir iri təsərrüfat fəaliyyətinin digər ölkələrin, xüsusilə Azərbaycanın ərazisinə mənfi ekoloji təsiri olduğu üçün bu fəaliyyəti Azərbaycanın müvafiq qurumları ilə razılaşdırılmalıdır. 

Ermənistanın bu addımı beynəlxalq hüquq, o cümlədən ekoloji hüquq normalarına riayət edilməməsi ilk hal deyil. Belə ki, bir müddət əvvəl Azərbaycan Metsamor Atom Elektrik Stansiyasının ərazisində yeni nüvə reaktorunun tikintisi planları ilə əlaqədar Espo Konvensiyası çərçivəsində Ermənistana qarşı haqlı iddia ilə çıxış etmişdir. Nəticədə Ermənistanın Konvensiyanın müddəalarına əməl etmədiyi barədə qərar çıxarılmasına nail olmuşdur.

Bildiririk ki, Ermənistanın iri mədən müəssisələri - Qacaran mis-molibden zavodu və Qafan filiz emalı kombinatının yüksək kimyəvi tərkibli istehsalat suları uzun müddət transsərhəd Oxçuçayı intensiv şəkildə çirkləndirməklə Azərbaycanın ekoloji mühitinə ciddi mənfi təsir göstərməkdədir. 

Qeyd etdiyimiz faktlar bir daha sübut edir ki, Ermənistan öz qanunsuz fəaliyyətləri ilə ümumi regionun ekoloji mühiti üçün təhlükə yaradır.

Xaricdə yaşayan azərbaycanlılar kimi soydaşlarımızın haqq səsinə qoşularaq Ermənistanın regionun ekoloji təhlükəsizliyinə zərbə vuran, beynəlxalq hüquq normalarına zidd olan əməllərini qətiyyətlə pisləyir, beynəlxalq ictimaiyyəti bu məsələdə Ermənistana təzyiq göstərməyə çağırırıq”.