Nazir Naxçıvanda məzun günündə iştirak etdi
    • 14-06-2023, 15:04
    • 327

Nazir Naxçıvanda məzun günündə iştirak etdi

Azərbaycan Respublikası elm və təhsil naziri Emin Əmrullayev Naxçıvan Muxtar Respublikasına səfər çərçivəsində Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbdə keçirilən məzun günündə iştirak edib.

News24.az xəbər verir ki, Emin Əmrullayev çıxışında məzunları, onların valideynlərini, müəllimləri təbrik edib.

Nazir qeyd edib ki, bu tədris ili çox yaddaqalan olub: “Bu il tədris ilinə Zəngilanda, Ağalı məktəbində də başlaya bildik. Artıq Azərbaycanın bir çox bölgələrində məktəblər tikilib tamamlanmaq üzrədir. Növbəti tədris ilindən Füzulidə, Şuşada, Laçında, Laçının Zabux kəndində məktəblərimiz fəaliyyətə başlayacaq. Biz buna çox inanırıq. Həmin məktəblərə zəng səsi qayıdacaq. Bu, bizi çox sevindirir”.

Məzun günündə Naxçıvan Muxtar Respublikası təhsil naziri Rəhman Məmmədov da çıxış edərək, məzunları təbrik edib.

Elm və təhsil naziri səfər çərçivəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşüb. Həmçinin Emin Əmrullayev səlahiyyətli nümayəndə ilə birlikdə "STEAM Təlim-Tədris Mərkəzi"nin açılışında iştirak edib. Bununla yanaşı, təhsil naziri Naxçıvan Dövlət Universitetində də olub, professor-müəllim və tələbə heyəti ilə görüş keçirib.