Azərbaycandan Ermənistana AĞIR CAVAB: “Elə obyektlərini vurarıq ki, yüz illərlə...”
    • 24-07-2018, 16:14
    • 1 575

Azərbaycandan Ermənistana AĞIR CAVAB: “Elə obyektlərini vurarıq ki, yüz illərlə...”

Azərbaycanın işğal olunmuş ərazilərindəki cinayətkar hərbi rejimin rəhbəri Levon Mnasakyanın “lazım gələrsə Mingəçevir SES-nə dərhal zərbə endiriləcəyi” barədə iddialarına Azərbaycan Müdafiə Nazirliyi münasibət bildirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumata görə, Azərbaycan Ordusu cəbhə xəttində vəziyyətin istənilən inkişafına hazırdır.

“Son günlər Ermənistan mətbuatının təhlili göstərir ki, bu ölkənin hərbi-siyasi rəhbərliyi və Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələrinin biri-birindən sərsəm bəyanatlar səsləndirmələri onların ciddi narahatlıq keçirmələrinə, qorxu və təşviş içində olmalarına sübutdur. Azərbaycan Ordusu cəbhə xəttində vəziyyətin istənilən inkişafına hazırdır. Ordumuzun sərəncamında olan və dağıdıcı qüvvəyə malik ən müasir silah sistemləri düşmənin bütün vacib hərbi obyektlərini və strateji kommunikasiya xətlərini qısa müddət ərzində məhv etməyə qadirdir. Mnakasyanın budəfəki absurd bəyanatına gəlincə isə, Azərbaycan hava hücumundan müdafiə və raketəleyhinə müdafiə sistemləri ölkənin bütün hava məkanının, o cümlədən xüsusi əhəmiyyətli dövlət və hərbi obyektlərinin tam təhlükəsizliyini təmin edir. Düşmən tərəf bu kimi məsuliyyətsiz bəyanatlar səsləndirməzdən əvvəl düşünməlidir ki, Ermənistanın ərazisində elə obyektlər var ki onlara zərbə endirəcəyimiz təqdirdə həmin ərazilərdə yüz illərlə yaşayış mövcud olmayacaq”, - deyə Müdafiə Nazirliyi bəyan edib.

//Publika.az