Miqren ağrılarını azaldan effektli təbii vasitələr
    • 23-02-2019, 12:36
    • 1 463

Miqren ağrılarını azaldan effektli təbii vasitələr

Miqren başın bir, nadir hallarda hər iki hissəsini əhatə edən güclü, epizodik və ya daimi ağrılarla müşayiət olunan nevroloji xəstəlikdir.

Yayılma dərəcəsinə görə, 10% kişilərdə, 22% qadınlarda müşahidə olunur. Miqren ağrılarına səbəb olan məlum bir faktor yoxdur. Lakin bir çok faktorlar var ki, bu ağrıları hərəkətə keçirir. Ağrı tutduğu zaman xəstələr, adətən, dərman içib, səssiz, qaranlıq otaqda uzanaraq dincəlir və ağrıların keçməsini gözləyir. Amma bəzi təbii vasitələr var ki, onlarla da miqren ağrılarını azaltmağın mümkün olduğu bildirilir. E-tibb.az həmin təbii vasitələri və onların istifadə qaydasını diqqətinizə çatdırır. 

Nanəcövhər yağı
Nanəcövhər yağı miqren ağrılarının müalicəsində geniş istifadə olunan təbii vasitələrdən biridir. Tərkibindəki mentol sayəsində əzələlərin yumşalmasına və ağrının azalmasına kömək edir. Nanəcövhər yağı, həmçinin, miqren ağrılarının səbəb olduğu mədə bulantısını da azaldır.
2 damcı nanəcövhər yağını 1 çay qaşığı hindqozu yağı ilə qarışdırın və alnınıza, boynunuzun arxasına, çiyinlərinizə masaj edərək sürtün.

Lavanda yağı
Lavanda yağı iltihabəleyhinə tərkibi sayəsində baş ağrılarını azaltmağa yardım edir. Sadəcə ağrıları azaltmır, eyni zamanda, miqren tutmalarını yaradan əsas faktorlardan olan yuxusuzluq və stressə qarşı da müsbət təsir edir. 2012-ci ildə aparılan araşdırmalar göstərib ki, lavanda yağını nəfəsə çəkmək miqren ağrılarının müalicəsində effektli və təhlükəsiz üsuldur.
İsti su ilə dolu qaba 10 damcı lavanda yağı əlavə edin. Başınızı qaba yaxınlaşdırıb, buxarı içinizə çəkin. Bundan başqa, qulağınızın arxasına, ənsənizə də bir neçə damcı lavanda yağı çəkib, masaj edə bilərsiniz.

Evkalipt yağı
Bu yağ miqren ağrıları ilə yanaşı, xroniki sinusitin səbəb olduğu miqren tutmalarını da sakitləşdirir. Hindqozu yağı ilə qarışdırıb ağrıyan hissələrə sürtün. Eyni zamanda isti su ilə dolu qaba damcıladıb, buxarını nəfəsinizə çəkə, bir dəsmala bir neçə damcı töküb, gün boyu qoxulaya bilərsiniz.

Çobanyastığı yağı
Aparılan araşdırmalar çobanyastığı yağının ağrıkəsici xüsusiyyəti olduğunu ortaya qoyub. Bu yağ həyəcan və stress əlamətlərinin aradan qalxmasına da kömək edir. Bir neçə damcı çobanyastığı yağını birbaşa, yaxud bir çay qaşığı su ilə qarışdıraraq alnınıza, ənsənizə və çiyinlərinizə masaj edərək çəkin.

//E-TibbAz