Azərbaycanda evli kişi sevgilisini avtomobildə öldürdü — ŞOK SƏBƏB
    • 20-06-2023, 14:23
    • 413

Azərbaycanda evli kişi sevgilisini avtomobildə öldürdü — ŞOK SƏBƏB

Bu il yanvarın 26-da Goranboyda 47 yaşlı Sevinc Məmmədovanın qətlə yetirilməsinin şok təfərrüatları üzə çıxıb.

News24.az-ın əldə etdiyi məlumata görə, Sevinc Məmmədovanın hadisəni törədən Atəş Ələkbərovla 23 il imiş ki, qeyri-rəsmi münasibəti varmış. Hətta onların bu münasibətindən bir oğlu varmış. Rəsmi şəkildə ailəli və 3 uşaq atası olan Atəş Sevincdən olan oğlu üçün ayrıca ev də alıbmış.

Hadisə isə Atəşlə Sevinc avtomobillə yol gedərkən baş verib. Belə ki, Sevinc sevgilisinə daha işsiz qalmaq istəmədiyini, gözəllik salonunda çalışmaq istədiyini deyib. O, Atəş Ələkbərova işləməsinə razı olmayacağı təqdirdə Bakıya köçüb onunla birgə yaşayacağını deyib. Bundan sonra tərəflər arasında mübahisə yaranıb və sükan arxasında olan Atəş əlinin altında olan bıçaqla Sevincə zərbə endirib. Ön sərnişin oturacağında əyləşmiş qadın döş qəfəsindən ağır xəsarət alıb. Atəş onun vəziyyətinin ağırlaşdığını görərək maşını saxlayıb və arxa oturacağa uzandıraraq kömək etmək istəyib. Daha sonra o, avtomobili sürətlə idarə edərək Sevinci Samux rayon Mərkəzi Xəstəxanasına çatdırmaq istəyib. Lakin bir neçə dəqiqə sonra qadın avtomobildə vəfat edib.

Bu hadisədən sonra Atəş Ələkbərov həbs edilib və barəsində Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma – ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə iş açılıb. Cinayət işinin materiallarına Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. 

Hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə Atəş peşman olduğunu deyib: “Samux rayonunda təsərrüfatla və bizneslə məşğul olmuşam.

Rəsmi olaraq R.Məmmədova ilə evliyəm və üç övladım var. Həm də Birinci Qarabağ müharibəsinin veteranıyam, 1992-1997-ci illərədək müharibədə iştirak etmişəm, başımdan aldığım travmalar səbəbindən əsəb problemlərim yaranıb və buna görə müalicə almışam.

Rəsmi ailəm olmasına baxmayaraq, Sevinc Məmmədova ilə 23 ilə yaxın qeyri-rəsmi münasibət yaşamışam. Bu münasibətdən bir oğlumuz dünyaya gəlib. Sevinc və oğlum onlara Gəncədə aldığım evdə yaşayıb. Sevinclə qeyri-rəsmi münasibətimizi həm mənim, həm də Sevincin ailəsi bilirdi. Yəni münasibətimiz heç vaxt gizli olmayıb. Çünki Sevincə böyük sevgim olub və bunu hamı bilib. Sevinclə aramızda müxtəlif vaxtlarda bəzi məsələlərə görə mübahisələr olub. Səbəbsə əsasən Sevincin işləmək istəməsi və Bakıya köçmək tələbi ilə bağlı olub”.

A.Ələkbərov deyib ki, Sevincin fikirləri ilə razılaşmadığına görə bəzən münasibətləri pisləşib: “Hətta Sevinc bir dəfə Bakıya çıxıb getmişdi. Sonra onunla barışdıq və Bakıdan Gəncəyə gətirdim. 2023-cü il yanvarın 25-də gecə Sevinclə birgə evimizdə qaldım, səhər oğlumu öz maşınımla məktəbə aparıb gətirdim. Sonra Sevinc balıq yemək istəyini dedi və onları istirahət üçün Mingəçevirə aparmağımı istədi. Bunun günorta saat 1-də evdən çıxdıq. Evdən çıxanda özümüzlə yolda yemək üçün meyvə, onu doğramaq üçün bıçaq və çay içmək üçün mürəbbə də götürmüşdük. Yol boyu bir-birimizlə deyib gülüb gələcək planlardan danışırdıq. Maşında mənə anasıgili görmək istədiyini dedi və qısa yolla Dəliməmmədlidən Baxçakürd kəndi istiqamətinə getdik. Yolda Sevinc yenə də işləmək və Bakıya köçmək barədə əsəbi formada fikirlər söyləməyə başladı. Ona digər ailəmin və uşaqlarımın olduğunu, Samuxda işlədiyimi və buna görə Bakı şəhərinə köçə bilməyəcəyimi dedim və aramızda mübahisə yarandı. Sevinc daha çox üzərimə gəlməyə və razı salmağa çalışırdı. Bu zaman əsəblərimi cilovlaya bilmədim. Baxçakürd kəndi ərazisində torpaq sahəsində olan zaman Sevincin evdən götürüb maşında sürətlər qutusunun yanında qoyduğu mətbəx bıçağını götürdüm, onu Sevincətərəf tutub qorxutmaq istədim ki, sussun. Həmin anda həm də maşın sürdüyümdən gözüm və fikrim daha çox yolda idi. Sevinc bundan sonra da kobud danışmağa və üstümə qışqırmağa başladı. Həmin anda əsəblərim daha da pozuldu və sağ əlimdəki bıçaqla Sevincə dəqiq görmədiyim istiqamətdə bir dəfə bıçaq zərbəsi yetirdim. Zərbədən sonra Sevinc “neynədin, Atəş” deyə qışqırdı. Bundan sonra dərhal maşını saxladım və düşüb Sevincə tərəf qaçdım. Ona kömək etməyə, yarasını sarımağa başladım və maşını sürətlə idarə edərək xəstəxanaya çatdırmağa çalışdım. Yolda onu danışdıraraq “darıxma, xəstəxanaya çatdıracam” deyirdim. Samuxa çatanda artıq onun səsinin gəlmədiyini gördüm və vəfat etdiyini anladım. Sonra onun artıq öldüyünü düşünərək xəstəxanaya yox maşını birbaşa polis şöbəsinə sürdüm və hadisə barədə məlumat verdim”.

Gəncə Ağır Cinayətlər Məhkəmsəində keçirilən proses bir neçə gün əvvəl başa çatıb. Məhkəmənin hökmü ilə A.Ələkbərov 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Taleh BAĞIROV