Qurbanlıq almaq istəyənlərin - Diqqətinə!
    • 21-06-2023, 13:56
    • 782

Qurbanlıq almaq istəyənlərin - Diqqətinə!

Qurban Bayramının yaxınlaşması ilə əlaqədar qurbanlıq heyvanların satış məntəqəsinə üz tutanların sayı artır. 

Ancaq satış məntəqələrinə getmədən də qurbanlıq heyvanlar almaq mümkündür. 

Belə ki, Bakıda qurbanlıq heyvanların satıldığı onlayn səhifələr fəaliyyət göstərir. Satıcılar qurbanlıq qoyunlar haqda bilgiləri əvvəlcədən sayta yerləşdirirlər. Bu elanlarda heyvanın çəkisi və digər təfərrüatlar qeyd edilir. Ətraflı məlumat almaq istəyən alıcı isə satıcı ilə əlaqə saxlayır. 

News24.az onlayn satış həyata keçirən satıcılarla əlaqə saxlayıb. Onların verdiyi məlumata görə, heyvanı almaq istəyən alıcı qeyd olunan ünvana gəlməlidir: "Biz yalnız Qurban Bayramında deyil, hər zaman heyvanların onlayn satışı ilə məşğuluq. Sadəcə, Qurban Bayramında satış daha çox olur. Satışın həyata keçirilməsinə gəlincə, bizdə onlayn çatdırılma yoxdur. Heyvanı almaq istəyən şəxs gəlib özü aparmalıdır. Qiymətlər isə çəkiyə görə dəyişir. Qoyunun ətinin qiyməti 1 kq-ı 8.50 manata satılır. Alıcı ünvanda olduğu zaman qoyun tərəziyə çıxarılır. Çəkisi nə qədərdirsə, o, 8.50 AZN-dən hesablanır".

Başqa bir elanda isə qurbanların kəsimi və çatdırılmasının həyata keçirildiyi bildirilir. Bundan əlavə ətlərin doğranması və paketlənməsi xidmətləri də mövcuddur. Heyvanların qiyməti isə dişi və erkək olmasına görə fərqlənir.

Qumral ƏLİYEVA