19 nəfəri alçaldıb lentə alan çəkən tələbələrə AĞIR CƏZA — VİDEO
    • 22-06-2023, 16:48
    • 503

19 nəfəri alçaldıb lentə alan çəkən tələbələrə AĞIR CƏZA — VİDEO

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq və şantajla məşğul olan tələbələrdən ibarət dəstəyə hökm oxunub.

News24.az
-ın əldə etdiyi məlumata görə, özlərini cinsi azlıq nümayəndəsi kimi təqdim edərək ümumilikdə 19 nəfərə qarşı cinayət törətmiş dəstə üzvlərindən 5-nə ağır cəza təyin edilib.

Məhkəmənin hökmü ilə dəstənin rəhbəri Sadiq Ovçiyevə 10 il, Ağababa Musayevə 11 il 6 ay, Elnur Vəliyevə 11 il, Nihat Rəhimliyə 11 il 6 ay, Aqşin Məmmədova 11 il 6 ay müddətinə həbs cəzası verilib. Onlarla birgə həbs edilən Sübhan Xanlarova azadlığın məhdudlaşdırılması cəzası verilib. Üzərinə elektron qolbaq taxılan Sübhan məhkəmə zalından azadlığa buraxılıb.

Onlar Cinayət Məcəlləsinin 181 və 182-ci (Quldurluq və hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirli biliniblər.
Araşdırmalar zamanı məlum olub ki, dəstə üzvlərindən Sadiq və Aqşin Memarlıq və İnşaat Kollecinin, Nihat və Elnur Azərbaycan Texniki Universitetinin, Ağababa 2 saylı Tibb Kollecinin, Sübhan isə Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi olub. Onlar oxuduqları təhsil müəssisələrindən xaric ediliblər.

Qeyd edək ki, qrup üzvləri 2021-ci il ərzində sosial şəbəkələrdə saxta cinsi azlıq profilləri açaraq müxtəlif şəxslərlə yazışıblar. Daha sonra onlar həmin şəxsləri “Qanlıgöl” adlanan əraziyə çağıraraq tələyə salıblar. Burada zərərçəkmişlərə qarşı fiziki zorakılıq edən, alçaldıcı formada videolar çəkən dəstə üzvləri quldurluq etməklə yanaşı onları hədələyərək pul və qiymətli əşyalar tələb ediblər. Quldurluqla üzləşən şəxslərdən biri – Tibb Universitetinin iraqlı tələbəsinin polisə şikayətindən sonra cinayətkar dəstə ifşa edilib. O da məlum olub ki, dəstə üzvləri əldə etdikləri telefonu Sübhan Xanlarov vasitəsilə satıblar. Sübhanın zərərçəkmişlərə qarşı alçaldıcı hərəkətlərin edilməsi, onların döyülməsi kimi hadisələrdə iştirak etmədiyi məlum olub.

Onu da qeyd edək ki, dövlət ittihamçısı Ağababa Musayevə 13 il, Aqşin Məmmədova 13 il, Nihat Rəhimliyə 12 il 6 ay, Sübhan Xanlarova 12 il 6 ay, Elnur Vəliyevə 12 il, Sadiq Ovçiyevə isə 10 il cəza istəmişdi.