Azərbaycanda sevgilisini evə gətirən gəlin öldürüldü
    • 23-06-2023, 14:21
    • 558

Azərbaycanda sevgilisini evə gətirən gəlin öldürüldü

2021-ci ilin sentyabrında Bərdədə 24 yaşlı həyat yoldaşı Təranə Mustafayevi qətlə yetirən 33 yaşlı Tural Mustafayevin məhkəməsi nəhayət başa çatıb.

News24.az-ın əldə etdiyi məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən proses iyunun 13-də başa çatıb. Bərdə şəhər uşaq xəstəxanasının qarşısında arvadını qətlə yetirən Tural Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə təqsirləndirilib. Məhkəmədə məlum olub ki, iki körpə uşaq anası olan T.Mustafayeva həyat yoldaşına xəyanət edirmiş. O, Tiktok sosial şəbəkəsində tanış olduğu şəxsi yaşadığı Muğanlı kəndinə çağıraraq evdə gizli görüşürmüş. 

Tural Mustafayev məhkəmədə arvadının ona xəyanət etməsini öyrəndikdən sonra onu qətlə yetirməyə qərar verdiyini deyib: “Onunla 6 il əvvəl evlənmişdim, 2 övladımız olmuşdu. Təranəni ilk dəfə Balaxanı qəsəbəsinə əmimgilə gedəndə görüb bəyənmişdim. Həmin vaxt o nişanlı olsa da, mənə qoşulub qaçmağa razı oldu və biz evləndik. 5 il birgə yaşadığımız dövrdə bir problemimiz olmadı. Həyətimizdə iki ev var, birində qardaşımgil və anam, digərində isə mən və ailəm yaşayırdıq. Hadisədən əvvəl işləmək üçün Türkiyəyə getmək istəyirdim və sənədlərimi konsulluğa vermişdim.

2021-ci il avqustun 29-da Bakıda olarkən arvadım zəng edərək tanımadığı bir kişinin evə girib onu döydüyünü dedi. Bildirdi ki, hətta o adam həyətdən çıxanda bu haqda anama və qardaşıma da deyib. Ondan sonra qayınanam zəng etdi və o da arvadımın dediklərini mənə dedi. Növbəti gün səhər kəndə qayıtdım. Təranənin bədənində və üzündə şişkinlik, göyərtilər vardı.

Onun məni aldatdığını hiss etsəm də, hər şeyi olduğu kimi danışmasını tələb elədim. Bundan sonra o, atası evinə getdi. Mən Təranənin istifadə etdiyi “Redmi” markalı mobil telefonu əlindən aldım. Həmçinin onun döyülməsi barədə Bərdə rayon polis şöbəsinə şikayət etdik. Arvadım sentyabrın 6-na qədər atasıgildə qaldı. Mən isə həmin müddətdə arvadımın kimlərlə münasibətdə olmasını, evimə kimin gəlib-getdiyini araşdırmağa başladım. Öyrəndim ki, Təranə Tərtərdən Aslan adlı bir nəfərlə, həmçinin “İnstagram”da başqa bir neçə nəfərlə danışırmış.

Bundan sonra Təranənin qardaşına zəng edib onunla görüşüb söhbət etmək istədiyimi bildirdim. Ona bacısının düzgün yolda olmadığını danışdım. O isə Təranənin qələt elədiyini dedi və söz verdi ki, bir daha bacısı bu cür səhv etməyəcək. O, görüşə Təranəni də özü ilə gətirmişdi. Onlar qohumlarının maşınında oturmuşdular. Qaynım Aslan adlı şəxsi birgə döyməyi təklif etsə də, ona Bakıya gedəcəyimi və həmin adamı tapmağa səbrimin çatmadığını, eləcə də, Təranə ilə son dəfə danışmaq istədiyimi dedim.

Qaynım razılaşsa da, Təranə mənə yaxınlaşmağa qorxdu. Qardaşı isə ona “qorxma, sənə heç kim heç nə edə bilməz. Gəl, söhbət elə” dedi. Təranə ilə Bərdə şəhəri, H.Əliyev parkının sol tərəfində, ensiz küçədə görüşüb söhbət etməyə başladıq. Qardaşı 10-15 metr geridən arxamızca gəlirdi. Parkda Təranəni öldürmək məqsədilə götürüb şalvarımın cibində saxladığım bıçağı çıxardım və ona hücum etdim. Neçə dəfə vurmuşam xatırlamıram. Onlar mənə çatanda bıçağı atıb qaçdım”.

Məhkəmədə şahid kimi ifadə verən Tərtər rayonu Balakəngərli kənd sakini Aslan İbrahimov Təranə ilə internetdə tanış olduğunu, sonra onun yaşadığı evdə gecələr gizli şəkildə görüşdüklərini etiraf edib. O, evli olduğunu, Təranəninin onu qısqandığını deyib: “Təranə ilə münasibətlərimiz irəliləmişdi. Mənə yaşadığı evin yerini öyrətmişdi və gecələr gizli gedib uşaqları yatandan sonra görüşürdük. Avqustun 29-da  2021-ci il tarixdə də Təranə “instagram” sosial şəbəkəsi vasitəsilə zəng edib yenidən evə çağırdı”.

Aslan adlı şəxs bildirib ki, evdə olarkən qısqanclıq üstündə aralarında mübahisə yaranıb və bu zaman evə qadının yaxınlaşdığını görüb. Təranə qışqıraraq evə oğru girdiyini və onu vuraraq telefonunu apardığını deyib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə arvadını amansızlıqla öldürən Tural Mustafayev 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Taleh BAĞIROV