Abşeronda içməli sudan qanunsuz istifadə halları aşkarlandı — VİDEO
    • 24-06-2023, 15:34
    • 208

Abşeronda içməli sudan qanunsuz istifadə halları aşkarlandı — VİDEO

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Abşeron rayonunda içməli sudan qanunsuz istifadə halları aşkarlayıb.

News24.az
bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, Prezident İlham Əliyevin təsdiqlədiyi "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planı"na uyğun olaraq içməli sudan qanunsuz istifadənin aşkarlanması, su itkilərinin minimuma endirilməsi və israfçılığın qarşısının alınması məqsədilə kompleks tədbirləri davam etdirilir.

Abşeron rayonu, Hökməli – Qobu yolu üzərində bir sahibkara məxsus 3 obyektdə - “Üç qardaş” kafesi, “Kəndimizin təndir”i və avtomobil yuma məntəqəsində suyun talanması faktı aşkar edilib. Obyekt sahibi texniki şərt almadan, müqavilə bağlamadan sudan qanunsuz istifadə edib. Masazır qəsəbəsində fəaliyyət göstərən ət kəsimi məntəqəsinin sahibi də suyu talayıb. Sahibkar obyektin yaxınlığından keçən 200 mm diametrli magistral xəttə özbaşına birləşmə edib. Sudan qanunsuz istifadə ilə bağlı obyektin su təchizatı dayandırılıb.

Aşağı Güzdək qəsəbəsində yerləşən “Zirvə” kafesinə su sayğacı quraşdırılsa da, obyekt sahibi sayğacdankənar əlavə xətt çəkərək sudan qanunsuz istifadə edib. Sudan qeyri-qanuni istifadəyə görə dəymiş ziyan hesablansa da obyekt sahibi ödənişdən yayınıb. Hətta sahibkar yığılmış borcların hissəli ödənilməsi üçün güzəşt imkanından yararlanmayıb. Hökməli qəsəbəsində yerləşən ət kəsimi məntəqəsinin sahibi də texniki şərt almadan, müqavilə bağlamadan sudan qanunsuz istifadə edib.

Aşkarlanmış bütün qeyri-qanuni su xətləri və birləşmələr ləğv edilib. Obyekt sahiblərinin diqqətinə çatdırılıb ki, içməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Bu ilin yanvar-may aylarında 7 316, Abşeron rayonunda isə 658 fakt aşkarlanıb, 100-ə yaxın fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.