Separatçılar hərəkətə keçdi, ordumuz məhv etdi - Ermənilərə “atəş aç” əmrini kim verib?
    • 28-06-2023, 15:20
    • 296

Separatçılar hərəkətə keçdi, ordumuz məhv etdi - Ermənilərə “atəş aç” əmrini kim verib?

ABŞ Dövlət katibi Entoni Blinkenin vasitəsçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyanın Vaşinqtonda görüşə başladığı gün, hətta XİN rəbərlərinin danışıqlar apardıqları saatlarda Qarabağda Azərbaycan hərbçilərinə atəş açıldı. Ağdam istiqamətində bir əsgərimiz - Azərbaycan Ordusunun hərbi qulluqçusu Əli Şükür oğlu Bəkirov yaralandı.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülür. Terrorçular dərhal layiq olduqları cavabı aldılar. Azərbaycan Ordusunun Qarabağda separatçıların təxribatına cavab addımları nəticəsində erməni terrorçularun məhv edildiyi məlumatları yayılıb. Qarabağda qeyri-qanuni erməni silahlı dəstələrinin 4 üzvü məhv edilib. Məlumata görə, Azərbaycan Ordusunun erməni silahlı dəstələrinin Ağdərə və Xocavənd istiqamətindəki mövqelərinə endirdiyi zərbələr nəticəsində Armo Abqaryan, Samvel Torostan, Yervand Tadevostan və Qaqik Balayan öldürülüb. 

Separatçıların Vaşinqtonda üçtərəfli görüşün keçirildiyi vaxt təxribata əl atması təsadüfi deyil. Bundan əvvəl də Qərb paytaxtlarında keçirilən mühüm görüşlər öncəsi və görüş vaxtı ermənilər təxribatlara əl atıblar. 

Şübhəsiz, Qarabağdakı qanunsuz silalı dəstələrin bütün terror fəaliyyətlərinə Ordumuz sarsıdıcı cavab verib. İndi də Ermənistan ordusunun Qarabağdakı tör-töküntüləri layiq olduqları cavabı alırlar. 

Burada diqqət çəkən detal  separatçıların Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vaşinqton görüşü fonunda fəallaşmasıdır. Bu isə gözlənilən idi. Çünki:

- Moskvanın Qərb platformasında danışıqlarda maraqlı olmadığı məlumdur. Rəsmi Moskva xarici işlər naziri Sergey Lavrovun timsalında dəfələrlə Bakı və İrəvana xəbərdarlıq edib və sülhün Qərbin deyil, yalnız Rusiyanın vasitəçiliyi ilə əldə ediləcəyini açıq şəkildə bəyan edib;

- Qərbin vasitəçiliyi ilə baş tutan daha öncəki görüşlərdə də separatçılar təxribata əl atıb. Budəfəki mühüm görüş öncəsi və ya sonrası qanunsuz dəstələrin fəallaşacağı ehtimalı böyük idi;

- ABŞ-ın sülh təşəbbüsünü pozmaq üçün Kremlin istifadə edəcəyi yeganə vasitə Qarabağdakı qondarma rejim və onun tör-töküntüləridir. Bu isə onu deməyə əsas verir ki, böyük ehtimalla separatçılara “atəş aç” əmrini Kreml verib;

- İlham Əliyevin separatçılara təslim olacaqları təqdirdə amnistiya təklifi irəli sürməsini ABŞ da dəstəkləmişdi. Vaşinqton danışıqları fonunda Qarabağda baş verənlər həm də separatçıların təslim olmaq istəmədiyini göstərdi. Bu isə separatçılara amnistiya təklif edən və onları təslim olmağa çağıran Bakının antiterror əməliyyatı keçirməsinə imkan verir;

Ərazidə baş verənlər həm də qanunsuz erməni silahlılarının yeni təxribatlara hazırlaşdığını göstərir. Azərbaycan Ordusu istənilən təxribatın qarşısını almağa hazırdır. Bakı sülh istəməyənlərin, terror fəaliyyəti ilə məşğul olanların cavabını həm masada, həm də döyüş meydanında verir və qətiyyətli mövqe sərgiləməyə də davam edəcək. 

Qarabağda separatçıların təxribatları və sülh danışıqlarını pozmaq cəhdləri əbəsdir. Azərbaycan bir daha göstərdi ki, danışıqların gedib-getməməsindən asılı olmayaraq Bakı güzəşt etməyəcək.

Akqabay Mıradov