Cüdoçumuz növbəti dəfə qızıl medal qazanıb - FOTO
    • 27-02-2019, 10:38
    • 1 248

Cüdoçumuz növbəti dəfə qızıl medal qazanıb - FOTO

Fevralın 25-də Bakı İdman Sarayında cüdo üzrə respublika çempionatı keçirilib. 

News24.az xəbər verir ki, yarışda Əlahiddə Çevik Polis Alayının taqım komandiri, polis kapitanı, idman ustası Hikmət Cəbiyev usta cüdoçuların mübarizəsində çəkisi 90 kiloqramadək olan idmançılar arasında növbəti dəfə qızıl medala sahib olub. 

H.Cəbiyev idmanın cüdo və cui-citsu növləri ilə məşğul olur. Üç dəfə respublika çempionu adını qazanan təmsilçimiz dəfələrlə beynəlxalq yarışlarda, ölkə çempionatlarında, polislər arasında keçirilən turnirlərdə fərqlənib, bir çox nailiyyətlər əldə edib.

ƏÇPA-nın daha bir əməkdaşı, polis baş serjantı Azər Fətullayev də bu yarışın favoritləri sırasında olub. O, da usta cüdoçuların yarışında çəkisi 81 kiloqramadək olan idmançılar arasında qarşılaşdığı bütün görüşlərdə rəqiblərini məğlub edərək çempion adını qazanıb.

Qeyd edək ki, A.Fətullayev cüdo üzrə dəfələrlə respublika çempionu, beynəlxalq yarışların qalibidir.

Baş mükafata sahib olan hər iki idmançımız iyulda İspaniyada keçiriləcək cüdo üzrə Avropa çempionatında iştirak etmək hüququ qazanıb.

Bu yarışda İdman Cəmiyyətinin əməkdaşları Elşən İbişov və Zaur Məcidov bürünc medal qazanıblar.