Naxçıvanda Təcili Tibbi Yardım Xidməti yaradıldı
    • 3-07-2023, 21:19
    • 291

Naxçıvanda Təcili Tibbi Yardım Xidməti yaradıldı

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən “Ağız-Diş Sağlamlığı Mərkəzi” publik hüquqi şəxsi və “Təcili Tibbi Yardım Xidməti” publik hüquqi şəxsi yaradılıb.

News24.az​​​ xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxov əhalinin sağlamlığının qorunmasının təmin edilməsi istiqamətində görülən işlərdən danışıb.

Bildirib ki, muxtar respublikada təcili və təxirəsalınmaz tibbi xidmətin müasir tibbi tələblər əsasında və mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi məqsədilə, Naxçıvan Muxtar Respublikası Təcili Tibbi Yardım Xidməti yaradılıb. Yeni yaradılan Mərkəzin ərazisində 50 çarpayılıq təcili tibbi yardım üzrə xidmət göstərəcək yeni korpusun tikilməsi nəzərdə tutulur. Qeyd edib ki, muxtar respublika əhalisinə ağız və diş sağlamlığı xidmətinin müasir tibbi tələblər əsasında qurulması üçün Naxçıvan Muxtar Respublikası “Stomatoloji Mərkəzi” publik hüquqi şəxsin və “Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası” publik hüquqi şəxsin Stomatoloji şöbəsinin bazası əsasında “Naxçıvan Muxtar Respublikası Ağız və Diş Sağlamlığı Mərkəzi” publik hüquqi şəxsi yaradılıb.

Aparılan səhiyyə siyasətinin nəticəsi olaraq muxtar respublikamızda təcili və təxirəsalınmaz tibbi yardım və stomatoloji xidmətin işinin davamlılıq və optimallığını təmin etmək məqsədilə “Təcili Tibbi Yardım Xidməti” və “Ağız və Diş Sağlamlığı Mərkəzi” publik hüquqi şəxslərinin yaradılması da məhz bu missiyaya xidmət edəcək.

Tədbirdə çıxış edən “Naxçıvan Muxtar Respublikası Təcili Tibbi Yardım Xidməti” publik hüquqi şəxsin baş həkimi Vüsal Əliyev vurğulayıb ki, bir sıra ambulans istismar müddətini başa vurduğundan çağırışların icra olunmasında texniki səbəblərdən axsamalar meydana gəlir. Son illərdə Prezident İlham Əliyevin təşəbbüsü ilə alınan yeni təcili yardım maşınlarının müəssisələrə verilməsi bu problemin də həll olunmasına xidmət edib. Eyni zamanda ambulansların müasir texniki və tibbi avadanlıqlarla təmini işi də daim diqqət mərkəzində saxlanılır.

Tədbiri çıxış sözü ilə davam etdirən “Naxçıvan Muxtar Respublikası Stomatoloji Mərkəzi” publik hüquqi şəxsin baş həkimi, stomatoloq Azər Həsənov bildirib ki, artıq muxtar respublika stomatologiyasında kadr siyasətinin gücləndirilməsi və kadrların təcrübəsini artırmaq məqsədilə Naxçıvan Dövlət Universiteti və Naxçıvan Tibb Kollecinin birgə təşkilatçılığı ilə stomatologiyaya aid baza hissəsinin gücləndirilməsi, elmi-praktiki konfransların keçirilməsi işlərə başlanılıb. Qeyd edilib ki, “Ağız-Diş Sağlamlığı Mərkəzi” publik hüquqi şəxsin yaradılması ilə bu günədək Naxçıvan Muxtar Respublikasında olmayan Uşaq stomatologiyası şöbəsi yaradılacaq və yeni kadr potensialını hazırlamaq üçün Bakı şəhərindən professor və müəllim heyəti mərkəzə dəvət olunacaq.

Ümumiyyətlə, istər təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin, istər də ağız və diş sağlamlığı xidmətinin yenidən təşkil olunması və dünya standartlarına çatdırılması üçün atılan hər bir addım, görülən hər bir iş yalnız və yalnız əhalinin sağlamlığının qorunması məqsədi daşıyır.