Azərbaycanda keçmiş polis əməkdaşı niyə öldürülüb? - ŞOK TƏFƏRRÜAT
    • 5-07-2023, 17:59
    • 508

Azərbaycanda keçmiş polis əməkdaşı niyə öldürülüb? - ŞOK TƏFƏRRÜAT

Yevlax rayonunda keçmiş polis əməkdaşı, 1980-cı il təvəllüdlü Anar Qasımovun qətlə yetirildiyi hadisənin təfərrüatları üzə çıxıb.

News24.az-ın əldə etdiyi məlumata görə, bu il yanvarın 8-i, gecə saatlarında rayonun Çənlibel qəsəbəsində baş vermiş hadisənin qısqanclıq zəminində törədilməsi məlum olub.

Araşdırmalar zamanı üzə çıxıb ki, Anar Yevlax Rayon Polis Şöbəsinin Post-patrul xidmətində manqa komandiri vəzifəsində işləyib. Onu qətlə yetirən R.Məmmədovun isə ailəsi ilə problemləri var imiş.

R.Məmmədov həyat yoldaşının ondan ayrı yaşaması, münasibətlərinin soyuq olması səbəbindən ondan  şübhələnib. O, yanvarın 7-də həyat yoldaşı Leylanı (ad şərtidir) izləməyə başlayıb. Oğlunu bərbərə aparan qadının yol kənarında Anar Qasımovla salamlaşdığını görən R. Məmmədov daha sonra evə qayıdaraq binanın zirzəmisində gizlənib və həyat yoldaşının evə gəlməsini gözləyib. Bir neçə saat sonra Leyla evə qayıdıb. Bundan bir qədər sonra isə A. Qasımov həmin binaya gələrək Leylanın evi ilə üzbəüz yaşayan baldızı Süsənin (ad şərtidir) evinə gitib. O, baldızının həyat yoldaşı ilə həmin şəxsi görüşdürdüyünü düşünüb. Daha sonra zirzəmidən çıxaraq anasının evinə gedib. Oradan bıçaq götürərək geri qayıdıb. Bundan sonra R. Məmmədov baldızının evindən çıxan A.Qasımovun küçədə qarşısını kəsərək “Utanmırsan, başqasının arvadı ilə görüşürsən?” deyib üstünə hücum edib və ona bıçaqla zərbələr endirib. Bir neçə zərbədən sonra bıçağın tutacaq yeri qırılıb. Ürəyi soyumayan R. Məmmədov qaçaraq anasının evinə gedib və oradan qayçı götürərək geri qayıdıb. O, ümumilikdə 3 dəfə evə gedərək kəsici alət gətirib və yerdə qıvrılan Anara çoxsaylı zərbələr endirərək onu öldürüb.

Bundan sonra o, baldızının evinin qapısını döyərək Anarı öldürdüyünü deyib və polis şöbəsinə gedərək təslim olub.

Məhkəmədə Ramilin həyat yoldaşı qətlə yetirilən şəxsi tanımadığını deyib. Bunu bacısı Süsən də təsdiq edib və Anarın onun tanışı olduğunu, bacısı ilə bir-birilərini tanımadıqlarını bildirib.

Ramil Məmmədov barəsində açılmış cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə baxılıb. Məhkəmə prosesi bir neçə gün əvvəl başa çatıb. R.Məmmədov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə təqsirli bilinib. O, 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Taleh Bağırov