"Ermənistan növbəti dəfə layiqli cavabını aldı" - Millət vəkili
    • 10-07-2023, 15:36
    • 226

"Ermənistan növbəti dəfə layiqli cavabını aldı" - Millət vəkili

“Ermənistanın 12 may 2023-cü il tarixində Beynəlxalq Ədalət Məhkəməsinə ünvanladığı “Laçın sərhəd-keçid məntəqəsinin qanunsuzluğu və Azərbaycan Respublikasının hərbçilərinin Laçın yolundan çıxarılmasına dair” tələbi qanunsuz idi. Ona görə də məhkəmə vəsatəti rədd etdi. Beləliklə, İrəvanın Bakıya qarşı “beynəlxalq təzyiqə nail olmaq” planı  baş tutmadı. Laçın dəhlizi Azərbaycan ərazisidir. Beynəlxalq qanun tərəfindən tanınır. 

Azərbaycanın öz sərhədlərində keçid məntəqələrini harada quracağı daxili işidir”. Bu sözləri News24.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.  

Onun sözlərinə görə, Ermənistanın tələbi Azərbaycanın daxili işlərinə qarışmaq və ölkə üçün ciddi təhlükələr yaratmaq cəhdi idi. 

"Hər bir dövlət kimi ölkəmiz də özünün ərazisindən keçidi beynəlxalq hüquqa uyğun şəkildə həyata keçirir. Aydın məsələdir ki, Beynəlxalq Möhkəmə Ermənistanın bu tələblərinə qarşılıq verə bilməzdi. Qarşı tərəf növbəti dəfə layiqli cavabını aldı. Ermənistan 44 günlük müharibədə uduzduğu halda hələ də Azərbaycanın suveren hüquqlarını pozmaq cəhdindən əl çəkmir. Bu, həm hərbi, həm də diplomatik sferada baş tutur. Ermənistan özü üçün ciddi nəticələr çıxarmalıdır. Onun Azərbaycanla münasibətləri normallaşdırmaqdan başqa çıxış yolu yoxdur. Nə qədər ki, bunu etməyib layiqli cavab alacaq”,- deyə deputat yekunlaşdırıb. 

Arzu