QMİ sədri Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb
    • 10-07-2023, 20:24
    • 135

QMİ sədri Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb

İyulun 10-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşüb.

News24.az​​​ xəbər verir ki, əvvəlcə Qafqaz Müsəlmanları İdarəsinin sədri ilə Müqəddəs Taxt-Tacın dövlət katibi arasında təkbətək görüş keçirilib.

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam edib.

Görüşdə çıxış edən şeyxülislam Allahşükür Paşazadə diqqətə çatdırıb ki, Müqəddəs Taxt-Tacla Azərbaycan arasında, habelə Roma Katolik Kilsəsi ilə QMİ arasında münasibətlər yüksək səviyyədədir. Ulu Öndər Heydər Əliyevin dəvəti ilə 2002-ci ildə Papa II İohan Pavel Azərbaycana səfər edib, ölkəmizdə azsaylı katolik icması üçün kilsə inşa olunub.

Diqqətə çatdırılıb ki, Müqəddəs Taxt-Tacla Azərbaycan arasında əlaqələrin möhkəmlənməsində Prezident İlham Əliyevin Vatikana səfərləri xüsusi rol oynayıb. Dövlətimizin başçısının və birinci xanım Mehriban Əliyevanın Vatikanda və ölkəmizdə Müqəddəs Taxt-Tacın rəsmiləri ilə görüşləri, Heydər Əliyev Fondunun xətti ilə Vatikanda reallaşdırılan layihələr misilsiz tarixi əhəmiyyətə malikdir.

QMİ sədri qeyd edib ki, Papa Fransisklə Bəhreyndə, Qazaxıstanda qardaşlıq görüşləri heç şübhəsiz, dini mərkəzlərimiz arasında mövcud yüksək səviyyəli münasibətlərin daha da möhkəmlənməsi, ümumilikdə müsəlman-xristian dialoqu prosesinə dəyərli töhfə olub. Papa Fransiskin Əl-Əzhər Şeyxi Əhməd ət-Tayyib ilə birgə 2019-cu ildə Abu-Dabidə imzaladığı İnsan Qardaşlığına dair sənəd dünyada insan həmrəyliyinə xidmət edən ali məramın təcəssümüdür.

Şeyxülislam etnik və dini müxtəliflik multikultural Azərbaycanın milli sərvəti olduğunu deyib. Bildirilib ki, Azərbaycan bu monolitliyi, dini-mənəvi harmoniyanı, xalq-dövlət birliyini 44 günlük Vətən müharibəsində əyani şəkildə nümayiş etdirib.

"Bu gün məscid və məbədlərimizi yerlə-yeksan edən erməni vandalizminin izlərini bütün dünya görür, basdırdıqları minalar bu gün də yüzlərlə mülki şəxsin həyatına son qoymaqda davam edir. Dövlətimiz işğaldan azad etdiyimiz ərazilərdə vandalizm qurbanı olmuş dini-mənəvi irsimizi heç bir ayrı-seçkilik qoymadan bərpa edir, yenidən qurur. Təəssüf olsun ki, əsrlər boyu bütün dini icmaların sülh və əmin-amanlıq şəraitində yaşadığı Azərbaycana qarşı ermənilərin körüklədiyi əsassız, ədalətsiz və qərəzli ittihamlar səngimir”, - deyə A.Paşazadə vurğulayıb.

Sonra çıxış edən Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ölkələrimiz arasında çox gözəl əlaqələrin mövcud olduğunu deyib. Humanitar məsələlərdə hər iki ölkə eyni məqsədinin olduğunu qeyd edən kardinal bildirib: "Ötən il əlaqələrimizin qurulmasının 30 illiyini qeyd etdik. Azərbaycan multikultural ölkə kimi parlayır. Azərbaycana daim sülh arzu edirəm".

Qonaq xalqımızın qonaqpərvərliyini, tolerantlığını yüksək qiymətləndirib, Bakıda həyata keçirilən quruculuq işlərinə heyran qaldığını deyib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Sonda xatirə hədiyyələri təqdim olunub.