İşdən çıxarılan yüksək vəzifəli şəxsin mülklərinin siyahısı açıqlandı – ŞOK FAKTLAR
    • 11-07-2023, 12:04
    • 335

İşdən çıxarılan yüksək vəzifəli şəxsin mülklərinin siyahısı açıqlandı – ŞOK FAKTLAR

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini olmuş Rafael Rəhmanova hədə-qorxu gələrək pul tələb edən keçmiş qaynı Elman Quliyevin məhkəməsi nəhayət, başa çatıb.

News24.az-ın ədə etdiyi məlumata görə, E.Quliyev barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (Hədə-qorxu ilə tələb etmə - külli miqdarda əmlak ələ keçirmək məqsədilə) maddəsi ilə açılmış işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmədə bildirilib ki, Elman Quliyev əvvəllər məşhur iş adamı olan “Tatanlı Tahir” ləqəbli Tahir Yusifovun sürücüsü olub. Bir sıra məşhur şirkətlərin sahibi olan Tahir bir neçə il əvvəl koronavirusdan vəfat edib. O, vəfat etməzdən əvvəl paytaxtın mərkəzindəki bahalı obyektlərindən birini satışa çıxarıb. Elman Quliyev o zaman bacısının əri olan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Rafael Rəhmanova həmin obyekti almağı təklif edib. Rafael şərikləri ilə birgə obyekti alıb və mülkü Elmanın adına sənədləşdirib. Onlar obyekti aylıq 30 min manata icarəyə veriblər. Rafael hər ay həmin puldan Elmana 3 min manat verib. 

Lakin sonradan Rafaelin 30 illik həyat yoldaşı ilə münasibəti pisləşib və onlar boşanıb. Bundan sonra Elman keçmiş yeznəsinin mülkünü özü başqa şəxslərə icarəyə verib və obyekti Rafaelə qaytarmaqdan imtina edib. Bu səbəbdən onların münasibətləri kəskin pisləşib. Mülkün onun adına olmasını bildirən Elman Rafaelin ona heç nə edə bilməyəcəyini deyərək obyektdən topladığı icarə haqlarını özünə götürüb. Rafael isə şərikləri ilə birgə onu məhkəməyə verib. Məhkəmə prosesi Ali Məhkəmə və Konstitusiya Məhkəməsindək uzanıb və nəhayət, Rafael keçmiş qaynına qalib gələrək obyekti geri alıb. O, daha sonra obyektin Elmanın sərəncamında olduğu müddət üçün toplanmış icarə haqlarının ona verilməsi məqsədilə yenidən məhkəməyə müraciət edib.

Bunu görən Elman Rafaelə hədə-qorxu gəlməyə başlayıb. O, Rafaelin şəxsi həyatı və vəzifədə çalışdığı vaxtlarda əldə etdiyi çoxsaylı bahalı mülklərin siyahısını hazırlayıb. Elman Rafaelə bildirib ki, həmin mülklərin hamısını bloqer Mehman Hüseynov vasitəsilə ictimaiyyətə yayaraq onu biabır edəcək.

Bundan sonra hər iki şəxsin ortaq tanışı olan David adlı şəxs vasitəçiliyə başlayıb və Rafaellə Elmanı barışdırmağa çalışıb. Rafaelin cəhdlərindən sonra tərəflər görüşməyə razı olub. Elman düşdüyü vəziyyətə görə Rafaeldən 100 min manat tələb edib. Rafael isə ilk olaraq ona 50 min, daha sonra isə 20 min manat verəcəyini deyib. Onlar paytaxtdakı “Xanlar Qəbələ” restoranında görüşüblər. Burada pul verilən zaman polis əməliyyat keçirərək Elman Quliyevi yaxalayıb.

Məhkəmədə həmçinin məlum olub ki, Elman yüksək vəzifədə çalışmış keçmiş yeznəsi barədə dövlət rəhbərliyinə müraciətlər ünvanlayıb. Həmin müraciətlərin birinə Rafaelin sahib olduğu və dəyəri milyonlarla ölçülən çoxsaylı mülklərin siyahısı əlavə edilib.

Həmin siyahını təqdim edirik:

- Mərdəkan qəsəbəsində 4 villa

- Bakıxanov qəsəbəsində 1 villa

- "Həzi Aslanov" metrostansiyası yaxınlığında 1 villa

- Rəsulzadə qəsəbəsində 1 villa

- Teymur Əliyev küçəsində 1 villa

- Səməd Vurğun küçəsində 1000 kv/m-lik daşınmaz əmlak

- "Aysel Plaza"nın arxasında 110 kv/m-lik 1 ədəd daşınmaz əmlak

- "Əhmədli" metrostansiyası yaxınlığında 230 kv, 290 kv-lıq 2 ədəd daşınmaz əmlak və 71 kv-lıq 3 ədəd daşınmaz əmlak

- "Nargilə" kafesinin yaxınlığında qeyri-yaşayış sahəsi

- Bakı-Xırdalan yolunda 1 hektar 62 sot sahə

- Yeni Günəşli qəsəbəsində sahə

- Bakı şəhəri, Zabitlər parkı yaxınlığında qeyri-yaşayış sahəsi

- Dübəndidə dəniz qırağında ərazi

- Elmlər Akademiyası yaxınlığında zirzəmi obyekt

- Rəşid Behbudov küçəsində obyekt (gül dükanı)

- "AAAF centr" yaşayış kompleksində 2 ədəd 3 otaqlı mənzil

- Xarici Dillər Universiteti yaxınlığında 2 ədəd 4 otaqlı mənzil

- Zabitlər parki yaxınlığında 500 kv/m-lik yaşayış sahəsi

- Sovetski adlanan ərazidə 5 otaqlı daşınmaz əmlak

- ATA Bankın yerləşdiyi yaşayış komleksində 4 otaqlı mənzil

- Nizami rayonunda yaşayış sahəsi

- "Hilton" otel kompleksində 4 otaqli yaşayış sahəsi

- Rəşid Behbudov küçəsində 500 kv/m-lik yaşayış sahəsi

- "Əhmədli" metro stansiyası yaxınlığında 3 otaqlı yaşayış sahəsi

- Türkiyə ərazisində çoxsayli mənzillər

- 3 ədəd tanker

- Bakıda "Yaxtklub"un ərazisində 1 ədəd yaxta və s.

Məhkəmədə Elman Quliyevin bir jurnalistlə əlaqəsinin olması və mülklər barədə ona məlumat verdiyi bildirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Elman Quliyev səhvini başa düşdüyünü və törətdiyi əməllərdən peşman olduğunu deyib: “Rafaeldən məni  bağışlamasını xahiş edirəm”.

Məhkəmənin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. 

Qeyd edək ki, Rafael Rəhmanov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin keçmiş rəis Aydın Bəşirovun dövründə onun müavini olub. Aydın Bəşirov vəzifəsindən azad olunandan bir müddət sonra Rafael Rəhmanov da tutduğu vəzifədən azad olunub.

Taleh Bağırov