İki qurum arasında əməkdaşlıq memorandumu imzalandı
    • 20-07-2023, 18:02
    • 249

İki qurum arasında əməkdaşlıq memorandumu imzalandı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə Azərbaycan Texnologiya Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

News24.az xəbər verir ki, sənədin imzalanması tədbirində Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli Agentliyin fəaliyyəti, qarşıya qoyulan hədəflər və əldə olunan nəticələr haqqında məlumat verib. O, bildirib ki, təhsil müəssisələri ilə əməkdaşlıq əmək bazarı üçün lazımi mütəxəssislərin hazırlanmasında səmərəli nəticələr verir. Məşğulluğun təmin olunmasında ən dayanıqlı alətin təhsil olduğunu deyən M.Abbasbəyli təhsil, məşğulluq və əmək bazarı arasında körpünün daha təkmil şəkildə qurulmasının əsas çağırış və hədəflərdən olduğunu diqqətə çatdırıb. Hazırda məzunların reytinqi və peşələr atlası kimi layihələr üzərində çalışıldığını bildirən M.Abbasbəyli o cümlədən Azərbaycan Texnologiya Universiteti ilə əlaqələrin qurulmasının hər iki tərəf üçün perspektivli olacağını qeyd edib.

Universitetlərin Karyera Mərkəzləri ilə Agentliyin sıx əməkdaşlıq etdiyini vurğulayan sədr Agentliyin Mərkəzi Karyera filialı tərəfindən bu mərkəzlər üçün standartların hazırlandığını və Texnologiya Universitetində yaradılan yeni Karyera Mərkəzinin fəaliyyətinə də dəstək göstəriləcəyini bildirib. 
Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsini müvəqqəti icra edən Yaşar Ömərov məzunların işlə təmin olunmasının Universitetin əsas hədəflərindən biri olduğunu deyib, məzunların gələcək karyera inkişafının daim diqqətdə saxlandığını qeyd edib. Ötən dövrdə Dövlət Məşğulluq Agentliyi ilə birgə əmək yarmarkalarının və karyera sərgilərinin keçirildiyini qeyd edən Y.Ömərov mövcud əməkdaşlığın daha da genişləndiriləcəyini bildirib. 

Qarşılıqlı fikir mübadiləsi, gələcək əməkdaşlıq perspektivlərinin müzakirə olunduğu görüşdə daha sonra tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memoranduma əsasən, tərəflər arasında əmək bazarının araşdırılması, tədris prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədilə əmək bazarının tələblərinə uyğun tədris proqramlarının təkmilləşdirilməsi, məşğulluq sahəsində yeni ideyaların formalaşdırılması, müsabiqələrin və birgə layihələrin təşkili, startap və inkubasiya mərkəzlərinin yaradılması, tələbələrin təcrübə proqramlarına cəlb olunması, həssas qruplardan olan tələbələr üçün müxtəlif sosial layihələrin hazırlanması və digər sahələrdə əməkdaşlıq edilməsi nəzərdə tutulub.