Heydər Əliyev və Corc Buş balıq tutarkən nə danışıblar? – “FOTOXRONİKA
    • 22-07-2023, 12:49
    • 299

Heydər Əliyev və Corc Buş balıq tutarkən nə danışıblar? – “FOTOXRONİKA"

2000-ci ilin sentyabrında Azərbaycan prezidenti Heydər Əliyevlə ABŞ-ın eks–prezidenti, ata Corc Buş arasında maraqlı görüş olub. Qeyri–rəsmi keçirilən bu görüş zamanı Corc Buş Heydər Əliyevi öz rançosuna aparıb və orada şam yeməyi verib.
 
“FOTOXRONİKA” layihəsi çərçivəsində 23 il əvvəlki səfəri yenidən xatırladaraq bu şəkli oxuculara təqdim edir.
 
Bu görüş bir zamanlar iki süper dövlətin – SSRİ və ABŞ-ın rəhbərliyində olmuş siyasətçilərin təmasları baxımından maraqlıdır. Edilən söhbətlərdəki notlar, mesajlar və replikalar bunu bir daha göstərir…

Qeyd edək ki, Azərbaycan Respublikasının o zamankı prezidenti Heydər Əliyev ABŞ-ın keçmiş prezidenti Corc Buşun dəvəti ilə sentyabrın 9-da Nyu-Yorkdan Portlend şəhərinə yola düşərək oradan avtomobil karvanının müşayiəti ilə Kennibunkport şəhərinə gəlib. Corc Buş Heydər Əliyevin görüşünə gələrək onu böyük hörmət və mehribanlıqla qarşılayıb.

Bundan sonar prezident Heydər Əliyev və Corc Buş katerlə malikanəyə yola düşüblər. İki  dövlət xadimi XXI əsrin astanasında gələcək qarşılıqlı münasibətlərin və bərabərhüquqlu əməkdaşlığın prinsiplərinə dair ətraflı fikir mübadiləsi aparıblar.

Görüş zamanı hər iki lider katerlə malikanəyə gəlib. C.Buş prezident Heydər Əliyevi yaşadığı evlə tanış edib, hər gün balıq tutduğunu bildirib.
“Görürsünüz, burada çoxlu balıqlar var. Mən indi onlardan birini tutmağa çalışacağam. Baxın, xırda balıqlar suda atılıb-düşürlər. Bu o deməkdir ki, böyük balıqlar kiçiklərin dalınca düşüblər, onlar da yaxalarını qurtarmaq istəyirlər”-deyə suya qırmaq atan Buş H.Əliyevə deyib.

Buş daha sonra H.Əliyevdən Azərbaycanda havaların necə keçdiyini soruşub.


Görüşdə Amerika tərəfdən milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşavir, general Brend Skoukroft və  sabiq dövlət katibi Lari İqlberger və Corc Buşun bacısı iştirak edib.

Corc Buş dəvəti qəbul edib, evində  onu ziyarət etməyə görə təşəkkür edib: “Buraya gəlməyinizi mənə göstərdiyiniz böyük şərəf kimi dəyərləndirirəm. Ona görə də Sizə çox böyük təşəkkürümü bildirirəm”.
Heydər Əliyev də onu şəxsi evinə dəvət etməsinə görə, Buşa minnətdarlıq edib. Dövlət başçısını hələ SSRİ-də yüksək vəzifədə olarkən tanıdığını bildirib.

“ Siz Amerika Birləşmiş Ştatlarının ən dəyərli, ən hörmətli və tarixdə böyük hadisələrlə mühüm yer tutmuş prezidenti olmusunuz. Sizin vitse-prezident, prezident olduğunuz, ondan əvvəl Mərkəzi Kəşfiyyat İdarəsinə rəhbərlik etdiyiniz, ondan da qabaq Çində işlədiyiniz vaxt mənim yaxşı yadımdadır. O vaxtlar mən Sovetlər İttifaqının rəhbərlərindən biri idim, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü idim. Biz Amerikada kimin kim olduğunu həmişə izləyirdik. Corc Buş həm vitse-prezident, həm Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri, həm də prezident kimi həmişə məşhur olmuşdur. Ona görə də o vaxtlar Sizin şəxsiyyətinizə çox böyük maraq var idi. Həmin dövrdə mən Sizinlə görüşə bilməmişdim. Amma indi çox məmnunam ki, Sizinlə görüşürəm. Mən bir daha Sizə təşəkkür edirəm ki, zəhmət çəkib məni öz evinizə dəvət etmisiniz. Əgər siz məni Ağ Evə dəvət etsəydiniz, mən bugünkü görüşümüzü ondan qiymətli hesab edərdim”-deyə Heydər Əliyev vurğulayıb.


Daha sonra Azərbaycan prezidenti Heydər Əliyev ilə ABŞ-ın keçmiş prezidenti Corc Buş arasında görüş olub. Görüşdə Amerikanın sabiq dövlət katibi Lari İqlberger, milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşavir, general Brend Skoukroft iştirak ediblər.
Buş Azərbaycan prezidentinin rəhbərliyi ilə ölkəmizdə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu sahəsində həyata keçirilən islahatlara, respublikamız üçün ən ağrılı problem olan Ermənistan–Azərbaycan münaqişəsinin nizama salınması istiqamətində görülən işlərə böyük maraq göstərib.
 
Dəvətə və qonaqpərvərliyə görə təşəkkürünü bildirən prezident Heydər Əliyev bu görüşdə Amerikanın görkəmli siyasi xadimləri cənab İqlbergerin və general Skoukroftun iştirak etmələrindən çox məmnun qaldığını nəzərə çatdırıb. Azərbaycanda aparılan demokratik islahatlar nəticəsində əldə edilmiş uğurlardan, siyasi plüralizmin, söz azadlığının bərqərar olmasından bəhs edən respublikamızın rəhbəri qarşıdakı parlament seçkilərinin ölkəmizdə demokratiyanın inkişafında yeni mərhələ yaradacağına əmin olduğunu bildirib.
Görüşdə Azərbaycan–Amerika münasibətlərinin daha da sıxlaşdırılması, bölgədə vəziyyət və bir sıra digər məsələlər barədə fikir mü badiləsi aparılıb. Prezident Heydər Əliyev cənab Corc Buşu bir daha Azərbaycana səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub.
 
ABŞ-ın 41 -ci prezidenti olmuş Corc Buş 2018-ci ildə vəfat edib. /Azpost.info/