-
- 22-07-2023, 15:49
- 4 311
Ukraynalı ekspert: "Rusiya sülhməramlıların Qarabağda daha çox qalmasına çalışacaq" — EKSKLÜZİV MÜSAHİBƏ
Ukraynada fəaliyyət göstərən “Forum” İctimai-Siyasi Araşdırmalar Mərkəzinin direktoru, siyasi ekspert Valeri Dımovun News24.az-a eksklüziv müsahibəsi
- Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı Şurasına üzv olan dövlətlər Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində siyasi təşəbbüslər irəli sürür. Hər iki ölkənin rəhbərləri arasında təşkil olunan sonuncu görüş də bu təşəbbüsün tərkib hissəsidir. Siz bu kimi cəhdləri necə qiymətləndirirsiniz? Onlar region üçün hansı perspektivləri vəd edir?
“Rəsmi Moskvanın bu regiondakı əhəmiyyəti Avropanın özündə belə şübhə doğurur”...
- Bilirsinizmi, bu təşəbbüslər əvvəllər də var idi. Sadəcə o dövrdə Avropa dövlətləri Qarabağ məsələsinə yanaşmada istər-istəməz Rusiyanın Cənubi Qafqazdakı mövqeyi ilə hesablaşmağa məcbur olurdu. İndi isə vəziyyət dəyişib. Hazırda xüsusilə də Ukrayna müharibəsi səbəbindən rəsmi Moskvanın bu regiondakı əhəmiyyəti Avropanın özündə belə şübhə doğurur. O ki qaldı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına, bu məsələ hər iki xalqdan və onların mandatını qazanaraq, münasibətlərin sülh yolu ilə tənzimlənməsi prosesində iştirak edən siyasi liderlərin iradəsindən asılıdır. Buna görə də hesab edirəm ki, indiki şəraitdə bu ölkələr arasında normallaşma perspektivləri mövcuddur. Lakin bu imkandan mütləq şəkildə istifadə olunmalıdır. Belə olarsa, sülh və xalqların birgəyaşayış imkanlarını təmin etmək mümkündür. Şəxsən mən bu məsələnin reallaşacağına inanıram.
- Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazisində hələ də qanunsuz erməni silahlı birləşmələri mövcuddur. Buna görə də zaman-zaman qarşı tərəfdən mövqelərimizə silahlı təxribat cəhdləri müşahidə olunur. Hərçənd 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın 4-cü bəndində göstərilir ki, Rusiya sülhməramlıları Qarabağdakı erməni silahlılarının ərazidən çıxarılması ilə paralel yerləşdirilir. Bu bənd indiyədək icra olunmayıb. Bəzi hərbi ekspertlər rəsmi Bakının həmin müddəanı antiterror əməliyyatı aparmaqla, icra etmək hüququ olduğunu bəyan edir. Bu əməliyyatların mümkünlüyü və Rusiyanın reaksiyasını necə dəyərləndirmək olar?
“Rusiyanın regiona sülh gətirəcəyi ilə bağlı deyilənlər mifdir”...
- Mən belə deyərdim: Rusiya hərbi kontingentinin Qarabağda mümkün qədər uzun müddət qalmasına çalışacaq. Rəsmi Moskva regiondakı maraqlarını təmin etmək üçün Qarabağ məsələsində hakim rolunu oynayır. Rusiya təhlükəsizlik halqası yaratmaq bəhanəsi ilə bu kimi üsullardan əvvəllər də istifadə edib. Bir lətifə var: Uğurlu bir iş adamından soruşurlar ki, sənin problemin var? Deyir, yoxdur. Cavab verirlər ki, olacaq. Beləcə, ona müxtəlif maneələr yaradılır. Sahibkar bir müddət sonra ona problem yaradan səlahiyyətlilərə müraciət edir. Bu adamlar da deyir ki, gərək gəlirinin 50 faizini bizimlə bölüşdürəsən. Demək istədiyim odur ki, Rusiyanın regiona sülh gətirəcəyi ilə bağlı deyilənlər mifdir. 10 noyabr bəyanatına görə, sülhməramlılar 2025-ci ildə ərazini tərk etməlidirlər. Bunu həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də ölkənizin əsas müttəfiqi olan Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan istəyir. Lakin Türkiyədəki son seçki prosesində iri şəhərlərdə yaşayan avropameylli seçicilər onun rəqibini dəstəklədi. Bu isə Ərdoğanın seçkiöncəsi mövqeyinə nisbətən daha balanslaşdırılmış bəyanatlar verməsi ilə nəticələndi. Məsələn, o “Azov” döyüşçülərini öz ölkələrinə təhvil verdi, regiondakı sülhməramlılarla bağlı fikirlərini açıq şəkildə ifadə etdi və s. O ki qaldı Azərbaycanla Ermənistan arasındakı sülh perspektivlərinə, onların reallaşacağını düşünürəm. Çünki ilk növbədə buna ciddi ehtiyac var. Biz görürük ki, Ermənistan əhalisinin bir qismi də sülhün tez və ya gec təmin ediləcəyinə inanır. Orada yalnız onilliklər boyunca hakimiyyətdə olan Qarabağ klanı müharibənin ədalətli nəticələri ilə razılaşmır. Bu klana daxil olanları yalnız separatizm, bir də talançılıq maraqları birləşdirir. Özlərini Qarabağa iddialı göstərmək istəyən klan üzvləri əslində oğrudurlar. Onlar hətta öz xalqının belə rifahını düşünmədən tez-tez çox riskli bəyanatlar verir. Bir qismi indi də Ermənistanda dövlət vəzifələrində işləyir. Hesab edirəm ki, ərazidə qalmaqda olan separatçıların tör-töküntülərini zərərsizləşdirmək Azərbaycan tərəfinin müstəsna hüququdur. Lakin onu deyim ki, əgər sülh istəyirsə həmin separatçı qalıqlarının Qarbaağdan çıxarılmasında ilk növbədə Ermənistan hakimiyyəti maraqlı olmalıdır.
- Biz bu mövzuya qayıdacağıq. İndi isə Rusiya-Ukrayna müharibəsinin bir sıra aspektlərinə toxunmaq istəyirəm. Rusiya prezidenti Vladimir Putin Ukraynada hərbi əməliyyatların başlandğını elan edəndə bir çox dövlətlər, xüsusilə Avrozona ölkələri Rusiyanın buna uzun müddət tab gətirə bilməyəcəyi barədə fikirlər söyləyirdi. Lakin biz görürük ki, Ukrayanda müharibə indi də davam edir və heç kim onun nə ilə nəticələnəcəyini dəqiq bilmir. Bəs sizin proqnozlarınız hansı istiqamətdədir?
“İlk günlərdə Avropada düşünürdülər ki, biz məğlub olacağıq”...
- Əvvəlcə ondan başlayaq ki, ötən il fevralın 24-də, yəni müharibə başlayan ilk günlərdə alternativ fikir söyləyənlər də vardı. Deyirdilər ki, Ukrayna məğlub olacaq. Bəlkə də bunu heç kim bilmir, amma Ukraynanın Almaniyadakı səfiri həm Almaniyanın müdafiə naziri, həm də maliyyə naziri ilə görüş keçirmişdi. Həmin görüşdə alman nazirlər deyirdi ki, siz onsuz da tab gətirə bilməyəcəksiniz. Belə olan halda Rusiyaya sanksiyaların tətbiqinə də ehtiyac yoxdur. Avropalı politoloqlar müxtəlif informasiya agentliklərinə müsahibələrində də Ukraynanın ağ bayraq qaldırmasını təklif edirdilər. İstənilən şəxs bu fikirlərlə indi də tanış ola bilər. Hətta ABŞ prezidenti Co Bayden Münxen Təhlükəsizlik Konfransında Ukrayna prezidentin məğlub olacağı barədə bəyanat vermişdi. Bu ölkələr rəsmi Kiyevə silah göndəriləcəyi halda xalqın partizan müharibəsinə başlamasını təklif edirdi. Siz onu da bilirsiniz ki, hərbi akademiyalarda kursantlar döyüş strategiyasını müxtəlif kompüter oyunlarından öyrənir. Bunu əsas götürən bir sıra dövlətlər Ukraynanın qələbə şansının olmadığını deyirdi. Lakin gəlin müharibənin ilk günlərində Rusiya və Ukrayna ordularının malik olduğu arsenalı qarşılaşdıraq. Onlar çox sürətli hücum əməliyyatı hazırlamış, hətta bir gün sonra Kievə çatmışdılar. Hücum edən tərəf daim maraqlıdır ki, müdafiə olunan ordu ona zərbənin haradan endiriləcəyini bilməsin. Müdafiə tərəfi isə pusqu qurmaq üçün daha etibarlı mövqe axtarışındadır. Burada informasiya siyasətinin də rolu var. Çünki insanlar ilk növbədə neqativ məlumatlara inanır. Bəzi ukraynalı ekspertlər bir qədər irəli gedərək deyirdi ki, 2-3 həftə ərzində biz qarşı tərəfi məğlub edəcəyik. Lakin müharibənin yazılmamış qanunları var. Buna psixologiyada esktrapolyasiya deyirlər. Ekstrapolyasiya – obyekt və hadisələrin müəyyən xassələrinin bütövlükdə həmin hadisələrə aid edilməsidir. Belə yanaşma doğru deyildi. Lakin indi vəziyyət dəyişib. Hazırda baş verənlər göstərir ki, qələbə bizimlə olacaq. Ümumilikdə isə dünyanın istənilən nöqtəsində ictimai fikirə təsir etmək asandır. Psixologiyada belədir ki, insan özünü hadisələrin mənfi gedişatına hazırlayanda, qorxulu heç nə baş vermir. Sualınıza gəlincə, beynəlxalq siyasətdə münaqişələr sülh razılaşması ilə bitir. Əsas məsələ razılaşma şərtlərini hansı tərəfin diqtə edəcəyidir. Ötən ilin martında hər kəs fərqli fikirlər irəli sürürdü, Ukrayna prezidenti Volodimir Zelenski belə münaqişə zonasına neytral status verilməsinin mümkünlüyündən danışırdı. İnsanın daxili qorxuları özünümüdafiə instinkti nəticəsində yaranır. Bu zaman o bütün instinktlərə qalib gəlir. Təsəvvür edin ki, indi müttəfiqimiz olan ölkələrin bir çoxu belə ilk günlərdə qələbə şansımızın olmadığını deyirdi. Məsələn, 2008-ci ildəki qısammüdətli Rusiya-Gürcüstan silahlı qarşıdurmasına demək olar ki, reaksiya yox idi. Hətta, Fransanın o vaxtkı prezidenti Nikolya Sarkozi Gürcüstanı bir sıra mübahisəli sənədləri imzalamağa məcbur etmişdi. Lakin Rusiya onların müddəalarını icra etmədi, yəni qoşunlarını nə Abxaziyadan, nə də Cənubi Osetiya ərazisindən çıxardı. O zaman Avropanın da, Qərbin də təhlükəli çağırışlara hazır olmaması 2014-cü ildə Krımın və Donbasın bir hissəsinin ilhaqı ilə nəticələndi. Qərb buna da göz yumdu. Hətta ABŞ-ın o vaxtı prezidenti Barak Obama, sonra Donald Tramp həmin regionun maraq dairəsində olmadığını bəyan edirdi. Bu cür bəyanatlar zaman-zaman yenə səslənir. Vəziyyət başqa cür olsaydı, bəlkə də Rusiya qalib gələrdi. Lakin elə oldu ki, aparıcı dövlətlər II Dünya müharibəsindən sonra Buça, İrpin və Borodyankada bu dəfə Rusiya hakimiyyətinin deyil, rus hərbçilərinin dırnaqarası təşəbbüsləri ilə törədilən misli görülməmiş hərbi cinayətlərlə üzləşdi. O zaman söhbət artıq müharibədən yox, ölüm-qalım mübarizəsindən gedirdi. Ukraynada vəziyyət o yerə çatmışdı ki, xalq hansısa bir dövlətin bu ölkəyə atom bombası atmasına belə razı idi. Bir daha deyirəm ki, ölkəmizdəki müharibə sülh razılaşması ilə bitəcək, lakin onun şərtlərini biz və müttəfiqlərimiz diktə edəcəyik. Bir məqamı da qeyd etmək istərdim: Ukrayna müharibəsi yeni başlayanda Rusiya deyirdi ki, guya NATO-nun vəziyyətə müdaxiləsinə yol verməyəcək. İndi iş o yerə çatıb ki, Şimali Atlantika Alyansına üzvlüyün bir addımlığında olan İsveçin və Filandiyanın qoşunları Rusiya sərhədlərinə yaxınlaşıb. Bu, sadə bir nailiyyət deyil.
- Bir məsələni də vurğulamaq istəyirəm. Bu da Rusiya ərazisində yaşayan müxtəlif xalqların nümayəndələrinin Ukraynadakı müharibəyə cəlb olunmasıdır. Bilirsiniz ki, belə insanların seçilərək müharibəyə göndərilməsi nəyə hesablanıb? Bu, milli azlıqlarla hakimiyyət arasında uçuruma səbəb ola bilərmi? Sualımın ikinci istiqaməti müharibənin iqtisadi səbəb və nəticələri barədədir. Belə bir fikir var ki, Rusiyanın təcridi dünyanın siyasi və iqtisadi vəziyyətinə daha da mənfi təsir göstərəcək. Bu mülahizələr nə dərəcədə əsaslıdır?
“Bu müharibədə şərtləri diktə edəcək tərəf Ukraynadır”...
- Təəssüf ki, Ukraynanın işğalı ilə bağlı planda moldovan, tatar, hətta unitaz oğruları olan ermənilərlə yanaşı, başqa xalqların nümayəndələri də iştirak edir. Onlar təhdidlər nəticəsində döyüşlərə göndəriliblər. Heç kim zəmanət verə bilməz ki, müxtəlif milli azlıqları təmsil edənlər nə vaxtsa Kremlə qarşı çıxmayacaq. Üstəlik, mümkün qarşıdurmanın impulsları artıq hiss olunmaqdadır. Kremlin addımlarından asılı olmayaraq, müharibə uzun müddət davam etməyəcək. Onların qurduğu hərbi taktika tarazlığını itirib. Elə bir məqam yetişib ki, şərtləri diktə edəcək tərəf müəyyənləşib. Bu, bilavasitə Ukraynadır. Rusiya tərəfi ilə mümükün danışıqlara gəlincə, bunda vasitəçilərin rol oynayacağını düşünmürəm. Ruslar bizə heç bir şərt irəli sürə bilməz. Yadınızdadırsa, yaxın keçmişdə Vladimir Putin “G20” ölkələrinin sammitinə belə buraxılmamışdı. 2020-ci ildə isə Brisbenə səfəri zamanı heç kim onunla görüşmək istəmirdi. Daha sonra Priqojin məsələsini xatırlayın. Bu adam Rusiyanın məğlubiyyətinin nəticəsidir. Baxın, bir neçə il əvvəl Suriyanı bombaladılar, ardınca neftin qiyməti artdı. Daha sonra Avrozona ölkələri “Şimal axını-2” layihəsini irəli sürdülər. Ukrayna müharibəsi başlayanda artım tendensiyası yenə özünü göstərdi. Arınca miqrant problemi ortaya çıxdı.
- İndi də Rusiya-Ukrayna savaşının dünya üçün yaratdığı presedentlərdən danışmağınızı istərdim. Onlar nədən ibarətdir və necə aradan qaldırılmalıdır?
“Dünyadakı bütün qarşıdurmalar bəşəriyyətin əleyhinədir”...
- Təkcə Ukrayna müharibəsi yox, ABŞ və Çin, eləcə də Şimali və Cənubi Koreya arasındakı qarşıdurmalar da qlobal təhlükəsizliyə mənfi təsir göstərir. Nəticədə münaqişə ocaqlarının sayı artır. Dünyadakı ütün qarşıdurmalar ayrı-ayrı dövlətlərin yox, bəşəriyyətin əleyhinədir. Onlardan biri elə COVID-19 pandemiyası hesab edilir. Bu məsələ dünyanın geosiyasi quruluşunu əhəmiyyətli dərəcədə dəyişdi. Təhlükəli qlobal presedentlərlə mübarizəyə, onları yaradan səbəbləri məhv etmək lazımdır. Koronavirus, başqa sözlə desək, COVID-19 nəhəng dövlətlərin öz məqsədlərini reallaşdırmaq üçün süni yaratdığı silahdır. Əgər belə ciddi məsələlərlə mübarizə aparılmasa dünyada münaqişə ocaqlarının da, problemlərin də sayı artacaq. Kim zəmanət verə bilər ki, sabah daha bir dövlət Rusiyanın addımlarından cəsarətlənib başqasına müharibə elan etməyəcək?! İlk növbədə dünyadakı pozucu qüvvələrə qarşı ciddi məhdudiyyətlər olmalıdır.
- Yeri gəlmişkən, COVID-19 barədə. Mənim bu mövzuda sualım bir qədər sonra olacaqdı, sizin bu məsələni qabartmağınız bunu tezləşdirdi. Pandemiyanın ilk günlərində bir çoxları bu virusun mövcudluğuna şübhə ilə yanaşırdılar. Lakin sonradan qlobal məcrada həm yoluxma, həm də ölüm halları ilə bağlı statisika yüksəlməyə başladı. Ardınca isə karantin elan olundu. Yaşananlar böyük güclərin qarşıdurması idi, yoxsa həqiqətən virus vardı?
“Trampın məğlubiyyətini koronavirusa vaxtınd aoperativ reaksiya verməməsi şərtləndirdi”...
İlk növbədə deyim ki, mən bu problemin ümumiyyətlə mövcud olmadığını iddia edən skeptiklərdən deyiləm. Sizin də oxucularınız arasında elələri var ki, koronavirusun yalan olduğu və kimlərinsə guya onu məqsədli şəkildə yaydığı barədə açıqlamaları, bu istiqamətdə xəbərləri səbirsizliklə gözləyir. Digər tərəfdən bəli, bir sıra ölkələrdə onun üzərindən müəyyən spekulyasiyalar həyata keçirildi. Bunu təbii qəbul etmək olar. Biri bunu etməsəydi, başqası mütləq edəcəkdi. İlk vaxtlarda Donald Tramp belə koronavirusu inkar edirdi. Lakin ölkəsində bu sahədə vəziyyət pisləşəndən sonra mövqeyini dəyişməyə məcbur oldu. Yeri gəlmişkən, Trampın məğlubiyyətini koronavirusa vaxtınd aoperativ reaksiya verməməsi şərtləndirdi. Viruslar ilk növbədə tibbi preparatların hüceyrəyə yeridilməsi üçün istifadə olunur və onun zərərləri barədə dünya əhalisi yetərincə məlumatlı deyil. Bu da məqsədli şəkildə edilirdi. Nəticədə insanların müxtəlif konspiroloji nəzəriyyələr irəli sürməsindən istifadə edən Ümumdünya Səhiyyə Təşkilatı və dərman istehsalçıları vaksin biznesini daha da genişləndirdilər. Bir çox dövlətləri məcbur etdilər ki, onlar külli-miqdarda vaksin alsın. Lakin həmin preparatların çoxu istifadəsiz qaldı. Ölkələr ziyana düşdü, dərman şirkətləri isə qazandı.
- İyulun 19-da ABŞ-ın Ukraynaya növbəti hərbi yardım paketini elan etməsi hərbi əməliyyatların arealını genişləndirəcəkmi? Söhbət müharibənin Ukraynanın hüdudlarından kənara çıxma ehtimalından gedir. Belə bir hal baş versə, tərəf qismində hansı ölkələr çıxış edəcək? Hadisələrin bu cür gedişatı III Dünya müharibəsi ilə nəticələnə bilərmi? Çünki bu ehtimal bir müddət əvvəl daha sıx səslənirdi.
“Prioritet məqsədimiz Rusiya ordusunu öz ölkəsinin hüdudları daxilinə qaytarmaqdır”...
- Əgər hər iki tərəfi dəstəkləyən ölkələrin bu münaqişəyə cəlb olunmasından danışırıqsa, söhbət elə III Dünya müharibəsindən gedir. Hətta lap əvvəldən neytral olduğunu iddia edən bəzi dövlətlər müharibə dəyirmanına su tökməklə məşğuldur. Beynəlxalq məhkəmənin nümayəndələri Buçaya xüsusi səfər edəndən sonra həmin qurum Ukraynada baş verənlərlə bağlı qətnamə qəbul etdi. Buna beynəlxalq aləmdə eksistensional müharibə deyilir. Onun əsas predmeti isə ukraynalıların öz tarixi ərazilərində azad və təhlükəsiz yaşamasıdır. Baxın, biz rəsmi şəkildə öhdəlik götürnüşük ki, ABŞ-ın ölkəmizə verdiyi uzaqmənzilli silah-sursatdan Rusiya ərazisinə zərbə endirilməyəcək. Burada yeganə zərərçəkən bizik. Ölkəmiz ÜDM-in 35 faizini itirib, milyonlarla işçi qüvvəsi xarici ölkələrə getməyə məcbur olub. Əgər bu gün Odessa limanları bombalanırsa, orada hansı iqtisadi layihələrdən danışmaq olar?! Bu, Rusiyanın qlobal təhlükəsizliyə yaratdığı təhdidlərlə mübarizədir. Məğlubiyyətdən söhbət gedə bilməz. Prioritet məqsədimiz Rusiya ordusunu öz ölkəsinin hüdudları daxilinə qaytarmaq, sonrakı mərhələdə isə qarşı tərəfin Nürmberq prosesinə uyğun olaraq, hüquqi məsuliyyətə cəlb edilməsidir. Söhbət həm də ölkəmizə vurulan maddi və mənəvi ziyana görə təzminat tələbindən gedir. Onlar kənd təsərrüfatı məhsullarımızı talan edir. Müharibənin miqyasının genişlənməsində maraqlı deyilik. Bizim 4 şərtimiz var: Müharibə zamanı hərbi cinayət törətmiş şəxslərin cəzalandırılması, qaçqınların və millətçi damğası ilə ölkədən sürgün edilənləri geri qaytarılması, Rusiyanın təzminat ödəməsi və qoşunları ölkəmizin ərazisindən çıxarması. Lakin biz bu şərtləri Kremlin hazırkı rəhbərliyi ilə yox, onların xələfləri ilə razılaşdıracağıq.
- Mövzunun istiqamətini bir qədər də ABŞ-Çin münasibətlərinə yönləndirmək istəyirəm. Bu dövlətlər arasında hərbi toqquşma ehtimalını necə dəyərləndirmək olar? Söhbət iqtisadi qarşıdurmanın silahlı müharibəyə transformasiyası və dünyada yeni münaqişə ocağının yaranmasından gedir.
“Beynəlxalq hüquq işləmirsə, dünyada bu cür münaqişələrin yaranması labüddür”.
- İqtisadi məcrada toqquşma ilk növbədə Çinin özü üçün əlverişli deyil. Ona görə ki, qlobal ticarət bu ölkədən yox, Çin ondan asılıdır. Baş verə biləcək istənilən toqquşmada ilk növbədə onlar zərər çəkəcək. ABŞ Çinə məxsus 360 milyard dollar vəsaiti dondurub. Çinin həm bu dövlətlə, həm də Avropa İttifaqı ilə ayrı-ayrılıqda 1 trilyon dollarlıq illik ticarət dövriyyəsi mövcuddur. Rəsmi Pekin müharibənin benefisiarlarından biridir. Çünki Rusiya-Ukrayna savaşı olmasaydı nə Ursula von-Der Lyayen, nə də Şolts Pekinə getməyəcəkdi. O ki qaldı sualınıza, bəli, onlar arasındakı silahlı toqquşmadan dünya ziyan görəcək. Təkcə COVID-19 pandemiyasının Çinə fəsadlarını xatırlasaq, vəziyyətin qorxunc olduğunu görərik. İndiki halda onlara müharibə sərf etmir. Lakin, Çinin dediyi ilə əməlləri çox vaxt uyğun gəlmir. Məsələn, Ukraynadakı müharibəyə görə sözdə Rusiyaya dəstək xarakterli bəyanatlar versə də, əslində fərqli düşünür. Ölkələr arasında qlobal müharibə ola bilər, lakin hər şey Rusiya-Ukrayna savaşının nəticələrindən asılıdır. Digər tərəfdən, Rusiyaya və Çinə istədiyini etməyə imkan verilsə, dünyada bir neçə münaqişə ocağı yaranacaq. İstənilən bir dövlət başqasının ərazisini işğal edəcək, o biriləri isə çıxıb deyəcək ki, gəlin problemi sülh yolu ilə həll edək. Məsələn, bir qədər əvvəl Braziliya prezidenti Lula Da Silva demişdi Krımı Rusiyanın tərkibində saxlayaq, tərəflər isə sülh sazişi imzalasın. Bu, absurddur. Ona görə də əgər beynəlxalq hüquq işləmirsə, dünyada bu cür münaqişələrin yaranması labüddür. Bir neçə il əvvəl ABŞ Hərbi Kosmik Qüvvələrinin yüksək rütbəli zabiti demişdi ki, 2025-ci ildə Kosmosa yiyələnmək uğrunda yeni müharibə olacaq. Yaxın keçmişdə Qərb liderləri SSRİ-nin dağılmasından ehtiyat edirdilər, çünki bu zaman rəqabət aparmaq üçün ikinci bir qüvvə olmayacaqdı. Yekun nəticədə nə baş verdi? SSRİ süquta uğradı.
- ABŞ, Ukrayna, Şimali Koreya, Çin, İran və Rusiya: Son dövrlər onların adı xəbər bülletenlərində tez-tez hallanır. Mən bu ölkələrdən biri, Şimali Koreya haqqında danışmaq istəyirəm. Onların lideri Kim Çen In təkcə kölgəyə çəkilməyib, əsləndirdiyi nüvə təhdidləri də yoxa çıxıb. Gərgin geosiyasi vəziyyət fonunda o nüvə arsenalını işə sala bilərmi?
- Bu ölkələrdən hansısa birinə təhdid imkanı vermək digərləri üçün təhlükəli presedent yaradacaq. Təcrübə göstərir ki, bir dövlətin liderinin dünyanın müzakirə obyektinə çevrilməsi həmin xalqın ürəyincədir. Bu halın yaxşı və ya pis olması başqa söhbətin mövzusudur. Məsələn, Macarıstanın baş naziri Viktor Orban ona görə populyardır ki, xalq onun istənilən addımını hər zaman müzakirə edir. İran – ölkə daxilində və beynəxalq arenada qarşılaşdığı çoxsaylı problemlərə, xüsusən də cənubi azərbaycanlıların davamlı olaraq sıxışdırılmasına baxmayaraq, hakimiyyət xalqı öz əlində saxlamağa nail olub. Qərb vaxtaşırı bu hərəkətlərə adekvat cavab verir, lakin rəsmi Tehran siyasətindən əl çəkmir. Kim Çen In və Şimali Koreya adlı iki problem indiyədək həll edilməyib. Onlar daha aktual problemlərin kölgəsində qalıb. Trampın dövründə Kim Çen In tez-tez əlindəki zəngli saatı göstərir, bununla nüvə silahını hər an işə sala biləcəyi mesajını verirdi. İndi isə kölgəyə çəkilərək, dünya arenasında baş verənləri izləyir. Əslində ABŞ-ın məqsədi Şimali Koreyanı dayandırmaq deyil. Çünki istəsəydi, bunu çoxdan edə bilərdi. Əgər Pxenyan nüvə silahını işə salsa, bunun məsuliyyətini kim daşıyacaq?! ABŞ da məhz həmin faktoru nəzərə alıb, oraya hərbi müdaxilə etmir. Bir qədər əvvəl Cənubi Koreya açıqlamışdı ki, hər iki tərəfin – söhbət Şimali və Cənubi Koreyadan gedir – birləşməsi ümumilikdə 4 trilyon dollara başa gələcək. Bax, indi sizdən soruşuram: Bu ölkələr birləşsə, vahid xalq seçkidə kimi dəstəkləyəcək? Əlbəttə ki, iki fərqli dövlətin xalqları kimi mövcud olduğu dövrdə səs verdikləri siyasi liderləri. Yəni, Şimal hissəsinin əhalisi mütləq Kim Çen Inı, cənublular isə öz liderlərini, yəni Yun Sok Yolu seçəcəklər. Diqqət yetirin ki, II Dünya müharibəsində məğlub olan Almaniyada denasifikasiyanın ardından seçki prosesi üçün kvota müəyyən edilmişdi. Yəni, belə bir qeyri-demokratik yanaşma vardı. Bəli, II Dünya müharibəsindən sonrakı seçkidə xalq yenidən millətçilərə səs verdi. Onlar bu savaşın memarı olsa da seçkidə qalib gəldi. Son dövrlər bir ifadə daha geniş yayılıb: Xalq öz cəlladına aşiqdir. Buna görə də mən ümumiyyətlə dünyanın siaysi mənzərəsində fövqəladə dəyişiklik gözləmirəm.
Fərid Azəri