Azərbaycanla Ermənistan arasında sülhün bərpasında kimin kartları GÜCLÜ OLACAQ? – Rusiya, yoxsa Qərb?...
    • 9-12-2022, 16:50
    • 662

Azərbaycanla Ermənistan arasında sülhün bərpasında kimin kartları GÜCLÜ OLACAQ? – Rusiya, yoxsa Qərb?...

“Cənubi Qafqazdakı reallıqlar fonunda Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi məsələlərində Rusiya öz dominantlığını qoruyub saxlamağa, Qərb isə hökmran mövqelərə yiyələnmək istəyir”. 

Bunu News24.az-a açıqlamasında siyasi analitik Aqşin Kərimov deyib.

O bildirib ki, Rusiya üçün əsas problem ABŞ-dir, Avropa İttifaqı ilə olan gərginlik isə bu birliyin razılaşmalarının Vaşinqtonun xeyrinə dəyişdirmək cəhdləri ilə əlaqədardır: “Yoxsa Avropa İttifaqı tarazlığını qoruyub saxlasaydı bundan ABŞ də, Rusiya da məmnun qalacaqdı. Maraqlıdır ki, Azərbaycan-Ermənistan problemlərinə nöqtə qoyulması məsələsində Rusiya və ABŞ Avropa İttifaqına özlərinin maraqlarını təmin edən vasitəçi kimi baxmaqda davam edəcəklər, hərçənd ki, Kremldən birliyə qarşı bəyanatlar səsləndirilir. 

Rusiya sülh gündəliyində və hərbi məzmunlu davranışlarda daha çox dominantdır və bu Kremlin Bakı-İrəvan dialoqunda moderatorluq qabiliyyətini artırır”. 

Ekspert əlavə edib ki, Rusiyanın başı Ukraynaya qarışsa da, Cənubi Qafqaza öz arxa bağçası kimi baxmağa davam edir: “İnandırıcı deyil ki, müharibənin nəticələri Moskvanın bu başıbəlalı coğrafiyaya nəzərlərini dəyişdirsin. Rusiya Azərbaycan və Türkiyə ilə olan münasibətləri korlamadan mövqeyini əbədiləşdirmək istədiyindən istər-istəməz o, Bakı-Ankara gündəliyi ilə hesablaşmalı olur. 

Rusiyanın Türkiyə ilə yaxınlığı da onun Cənubi Qafqazdakı mövqelərinə təsir edir və Moskva Ankara amilini Qərbin regiondan sıxışdırılmasında bir element kimi dəyərləndirir. 


NATO da Türkiyəyə analoji məzmunla yanaşır, yəni Ankaranın Cənubi Qafqazdakı mövcudiyyət arealını genişləndirməsini Rusiyaya qarşı ox kimi dəyərləndirir. 

Türkiyə Qərbin ona qarşı artan təzyiqləri səbəbi ilə öz strateji maraqlarından çıxış edərək Rusiya ilə rəqabət üzərindən əməkdaşlıq edir və bu Moskva üçün də əlverişlidir”. 

A.Kərimovun fikrincə, Rusiyanın Cənubi Qafqazdakı tərəfləri sakitləşdirmək və ya qızışdırmaq üçün hakimlik statusuna son qoyulmayıb, üstəgəl regiona coğrafi yaxınlıq onu öz ambisiyalarına daha əlçatan edir: “Qarabağdakı erməni məsələsinə yanaşmada fikir ayrılıqları olsa da, Rusiya ilə Azərbaycanın Ermənistanla sərhədə dair baxışları onların mövqelərini bir-birinə yaxınlaşdırır. Bu mənada sərhəd məsələsində də Rusiyanın tənzimləyici xüsusiyyətləri ABŞ-dən üstündür. 

Qərb Cənubi Qafqazdakı proseslərdə Rusiyanı tarazlaşdırmağa yaxın idi, lakin Moskva qurduğu oyunlarla planı pozdu. Ona bu işdə Qərb ailəsinin cığal üzvü Fransa da altdan-altdan dəstək verir. 

Hesab edirəm ki, sülh gündəliyinin yekununu böyük güclər təkbaşına formalaşdıra bilməyəcək. Sülh mövzusunda Rusiya ilə Qərb uzlaşdırılmış bir mövqeyə gələcək, lakin düşünürəm ki, Moskvanın təsir rıçaqları yenə çox olaraq qalacaq”.