Azərbaycan və Qırğızıstan hökumətlərarası komissiyasının iclası keçirildi
    • 26-07-2023, 10:27
    • 191

Azərbaycan və Qırğızıstan hökumətlərarası komissiyasının iclası keçirildi

Çolpon-Ata şəhərində Azərbaycanla Qırğızıstan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 5-ci iclası keçirilib.

Bu barədə News24.az-a Nazirlər Kabinetindən məlumat verilib.

İclasda Baş nazirin müavini Əli Əhmədovun başçılıq etdiyi Azərbaycanın nümayəndə heyəti iştirak edib.

Əvvəlcə Azərbaycan Baş nazirinin müavini, komissiyanın Azərbaycan tərəfindən sədri Əli Əhmədov və Qırğızıstan Nazirlər Kabinetinin sədrinin müavini, Qırğızıstan tərəfindən Komissiyanın sədri Bakıt Torobayev kiçik tərkibdə görüş keçiriblər. Görüş əsnasında ikitərəfli gündəlikdə olan aktual məsələlərə toxunulub.

Sonra iki ölkənin müvafiq dövlət strukturlarının rəhbərləri və səlahiyyətli nümayəndələrinin iştirakı ilə Birgə hökumətlərarası komissiyanın iclası olub.

Ə.Əhmədov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərin keçirilməsinə görə Qırğızıstan hökumətinə təşəkkürünü bildirib.

Tərəflər Azərbaycan-Qırğızıstan dostluq əlaqələrinin və strateji tərəfdaşlığının hərtərəfli inkişafından məmnunluq ifadə ediblər. Vurğulanıb ki, Azərbaycan və Qırğızıstan prezidentləri arasında fəal siyasi dialoq və şəxsi təmaslar ikitərəfli əməkdaşlığın bütün spektri üzrə yüksək dinamikanı təmin edir. İqtisadi-ticari əlaqələrin müsbət dinamikası məmnunluqla qeyd olunub. Bunu 2022-ci ilin yekunlarına dair əmtəə dövriyyəsinin 19 faiz artması göstərir. Bununla yanaşı, tərəflər qarşılıqlı ticarət həcminin iki ölkənin iqtisadi və mövcud potensialının inkişafı səviyyəsinə uyğun olmadığı barədə ortaq mövqe ifadə ediblər. Bununla bağlı 2023-2028-ci illərdə ikitərəfli əməkdaşlığın inkişafı üzrə kompleks Proqramın hazırlanması və imzalanmasının vacibliyi qeyd edilib.

Tərəflər, həmçinin qarşılıqlı investisiya təşviq edilməsinə tərəfdar olduqlarını bildirib, bu kontekstdə Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun təsis olunması prosedurunun başa çatmasını alqışlayıblar.

Ə.Əhmədov Azərbaycanda olan əlverişli investisiya mühitindən bəhs edib. Qırğız tərəfinin diqqətinə çatdırılıb ki, inkişaf etmiş infrastruktur, dövlət səviyyəsində sərmayələrin qorunması bizim ölkəmizi investisiya baxımından cəlbedici edir.

Nəqliyyat-tranzit sahəsində əməkdaşlığının dinamikası müsbət qiymətləndirilib. 2022-ci ilin yekunlarına dair Azərbaycan və Qırğızıstan arasında yükdaşımaları təxminən 1,7 dəfə artıb, tranzit yükdaşımaları iki dəfə çoxalıb.

Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin aktuallığı qeyd olunub. Tərəflər Orta Dəhlizin əlaqələndirilmiş şəkildə rəqəmsallaşdırılması işinin aparılmasına, həmçinin bu nəqliyyat istiqamətinə əlavə yüklərin cəlb olunması məqsədilə cəzbediciliyinin artırılmasına dair razılıq əldə ediblər.

Tərəflər həmçinin bərpaolunan enerji mənbələri, kənd təsərrüfatı, turizm, mədəni-humanitar və digər sahələrdə ikitərəfli qarşılıqlı münasibətlərin inkişafı perspektivlərini müzakirə ediblər.

Hər iki tərəf qarşılıqlı faydalı əməkdaşlığın bütün kompleksi üzrə konstruktiv dialoqun davam edirilməsinə hazır olduqlarını ifadə ediblər.

İclasın yekunlarına dair Ə.Əhmədov və B.Torobayev Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 5-ci iclasının Protokolunu imzalayıblar.