"7 saniyəyə satılan mənzillər..." - MİDA-dan açıqlama olacaq?

"7 saniyəyə satılan mənzillər..." - MİDA-dan açıqlama olacaq? Sosial
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) satışa çıxardığı 1189 mənzil yenə saniyələr içində "yoxa çıxıb". 

MİDA-nın elan etdiyi Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 436 mənzilin, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən Gəncə Yaşayış Kompleksi üzrə 243 mənzilin, ümumilikdə 1189 mənzilin satışı həyata keçirilib.

Mənzillərin saniyələr içində satılması insanların yenə də böyük narazılığına səbəb olub. Deyilənə görə, artıq 7-ci saniyədə ev seçimi bloklanıb. 

Mənzil ala bilməyən vətəndaşlar sosial şəbəkələrdə: “Bu qədər mənzil saniyələr içində necə satıla bilər?” “Sistem dondu, sistemdə problem var, müdaxilə edilir”, “Evlər satıldıqdan sonra səhifəyə yerləşdirilir, ona görə də saniyələr içində bitir” və s. kimi şikayətlər səsləndiriblər.

Onlar bildirirlər ki, satışlar qeyri-şəffaf şəkildə keçirilir. Mənzillər əvvəldən razılaşdırılaraq satılır və sistemə müdaxilə edilir. 

Mövzu ilə bağlı News24.az-a danışan İT məsələləri üzrə ekspert Elvin Abbasov bildirdi ki, hazırda bu məsələ ilə bağlı çox ciddi şübhələr var.
Çünki nəticə etibarilə sosial mediaya yüklənən videolar, şəkillər onu göstərir ki, insanlar mənzil ala bilmədiyi üçün məyus olublar.
“Şübhəsiz ki, mənzil sahibi olan insanlar da var. Amma uddum deyən insanların sosial şəbəkə profilləri niyəsə canlı deyil, ciddi və real təəssürat bağışlamır.  Çünki MİDA-nın bir çox Facebook klublarında digər vətəndaşlar tərəfindən mənzili udan insanların ötən il də mənzili qazanması ilə bağlı suallar verilirdi. Onların cavabı isə qaneedici deyildi. Bununla bağlı aidiyyatı dövlət qurumları daha dolğun açıqlama verəcəklər. İlkin olaraq hələlik şikayətləri görürük. Sistemlə bağlı şikayətlər, donmalar və müdaxilə ilə bağlı məsələlərə gəldikdə isə, onu deyə bilərəm ki, MİDA əvvəlki təcrübələrə nisbətən öz işini yaxşı görüb. Sistemdə geniş şəkildə dəyişikliklər var. Kibertəhlükəsizlik məqamları üzərində ciddi işlər aparılıb. Elektron imzalarda əvvəllər problemlər olurdu. Belə problemlər aradan qaldırılıb. Amma öz sitemində donmalar və ciddi pozuntular var. Bəzi insanlar videolar çəkib göndərirlər ki, sistemdə növbəti mərhələyə keçid üçün göstərilən BayPort olunmuş rəqəmlər var.  Digər tərəfdən ilk 3-4 saniyədə artıq mənzillər məhdudlaşmışdı. Seçim etmək hüquqları qalmamışdı”. 

Ekspertin sözlərinə görə, ilk 3 saniyədə mənzillər satılıb və sistem donub: "Jurnalistlərin də iştirak etdiyi satış aksiyasında nəticələr onu göstərdi ki, ilk 3 saniyədən sonra bir çox evin artıq seçim imkanı məhdudlaşmışdı. İnternet yaxşı olduğu üçün bizim ofisdə bir neçə insan gəlib aksiyada iştirak etdi, lakin heç biri mənzil əldə edə bilmədi. Tərəfimizə edilən müraciətlərin əksəriyyəti də odur ki, mənzilləri əldə edə bilmirlər. İlk bir neçə saniyədə mənzillər dolur”.  

E.Abbasov qeyd etdi ki, bir neçə işbazlar və dələduzlar var. Ehtimal ki, onlar sistemə bir yolla daxil olublar. 

“Bəziləri insanları aldadır ki, 4-5 minə mənzil seçə bilərik.  Hazırda ola bilsin ki, həmin dələduzlar sistemə hər hansı bir yol tapıb girə biliblər, çünki sosial mediadan gələn siqnallar özünü bir qədər doğrultmur. Məncə, qurumların açıqlaması daha uyğun olacaq”. 

Məsələyə münasibət bildirən daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı isə bildirdi ki, mənzillərin saniyələr içində satılması real görünmür. 

"Bildiyim qədərilə,  müraciətlərin sayı həddən artıq çox idi.  Hesab edirəm ki, satışın bir neçə saniyə ərzində həyata keçirilməsi bir qədər real görünmür. Hər halda aidiyyatı qurumlar açıqlama verəcək. Eyni zamanda vaxt intervalı haqqında da məlumat veriləcək.  Burada mənzillərin hansı vaxtda və tezlikdə satıldığı aydınlaşacaq. Bundan sonra artıq məsələ barəsində münasibət bildirmək olar. Mənzillərin əvvəlcədən razılaşdırılması subyektiv yanaşmadır. Bilirik ki, bu məsələ Dövlət Təhlükəsizlik Xidmətinin nəzarətindədir. Keçən prossesdə bu istiqamətdə ciddi addımlar atılıb. Bəlkə deyilən kimi deyil? Bəlkə bir saat ərzində baş verib kimsə onu saniyə kimi anlamaq istəyir”.
 
Arzu