"Bu şəraitdə uşağımı məktəbə qoymaram" - Şahhüseynli kəndindən etiraz
Sosial
Zərdab rayonunun Şahhüseynli kənd sakinləri Baku TV-nin qaynar xəttinə müraciət edərək məktəb binasının yararsız vəziyyətdə olmasından, həmçinin yeni təmir olunan bağçada istilik sisteminin işləməməsindən şikayətləniblər.
"Məktəbin pəncərələrində şüşə yoxdur, hər yer karton və taxta ilə örtülüb. Məktəbin içi də uçub-dağılıb. Mənim üç uşağım var və bu vəziyyətdə övladlarımı həmin məktəbə qoymaram", - deyə sakinlərdən biri narazılığını bildirib.
Digər sakin isə bağçadakı şəraitdən gileylənib:
"Bağçada nə istilik sistemi var, nə də su. Havalar soyuyan kimi uşağımı bağçaya göndərmirəm, çünki xəstələnir. Uşaqlar isti su ilə təmin olunmalıdırlar, amma burada isti su yoxdur, soyuq su ilə yuyunurlar".
Məsələ ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, Cabir Azayev adına Şahhüseynli kənd tam orta ümumtəhsil məktəbinin vəziyyətindən məlumatlıdırlar və binanın əsaslı təmir edilməsi plana salınıb.
Qeyd olunub ki, təhsil müəssisələrinin təmiri və tikintisi növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir.
Bağça ilə bağlı şikayətə gəlincə isə qurumdan bildirilib ki, kənd körpələr evi-uşaq bağçasının istilik təminatı elektrik piltələri ilə təmin edilirdi və mövcud temperatur sinif otaqlarını tam qızdırmaq üçün kifayət etmirdi. Elektrik piltələri odun sobası ilə əvəzlənib, hazırda müəssisənin istilik təchizatı təsdiq edilmiş norma və qaydalara uyğun şəkildə həyata keçirilir. (Oxu.az)
Daha ətraflı Baku TV-nin videomaterialında: