Aİ üzv ölkələrin vətəndaşlarını Nigerdən təxliyə edir
    • 2-08-2023, 01:22
    • 206

Aİ üzv ölkələrin vətəndaşlarını Nigerdən təxliyə edir

Avropa İttifaqı üzv ölkələrin vətəndaşlarını Nigerdən təxliyə etmək qərarına gəlib, burada yalnız Avropa Komissiyasının humanitar yardım məsələləri ilə məşğul olan nümayəndə heyəti qalacaq.

News24.az Report-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borel bildirib.

O xatırladıb ki, Brüssel Nigerə bütün büdcə dəstəyini və bu ölkə ilə təhlükəsizlik sahəsində əməkdaşlığı artıq məhdudlaşdırıb.

"Biz Avropa ölkələrindən olan insanları Nigerdən repatriasiya etmək qərarına gəldik və artıq bu əməliyyatı həyata keçiririk. Avropa Komissiyasının humanitar yardımla məşğul olan qrupları hələlik öz yerindədir. Onlar qonşu ölkələrdən olan həmkarları ilə birlikdə yerində qalacaqlar”, - Borel yazıb.

O, həmçinin Nigerdəki çevriliş nəticəsində hakimiyyətə gələn qüvvələri Aİ-nin heç vaxt tanımayacağını bir daha açıqlayıb.

Borel hakimiyyətdən uzaqlaşdırılan prezident Mohamed Bazum ilə işi davam etdirmək üçün Nigerə yenidən səfər edə biləcəyini ümidvar olduğunu vurğulayıb.

Xatırladaq ki, iyulun 26-da Niger Prezidenti Məhəmməd Bazum və həyat yoldaşı öz mühafizəçiləri tərəfindən saxlanılıb. İyulun 27-nə keçən gecə ölkənin silahlı qüvvələri ölkədəki bütün dövlət qurumlarının işini dayandırıb, komendant saatı tətbiq edib və sərhədləri bağlayıb.