"Hazırda partiyamızın üzvlərinin sayı dəqiqləşdirilir" - AMİP SƏDRİ
    • 4-08-2023, 16:35
    • 399

"Hazırda partiyamızın üzvlərinin sayı dəqiqləşdirilir" - AMİP SƏDRİ

"Hazırda rəhbərlik etdiyim siyasi təşkilatın üzvlərinin sayı dəqiqləşdirilir". 

Bunu
News24.az-a Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə bir çox siyasi partiyanın qeydiyyatı üçün üzvlərin sayının çatışmamasına münasibət bildirərkən dedi. 

Onun sözlərinə görə, ilkin olaraq partiya üzvlərindən ibarət 7200 nəfərlik siyahı Ədliyyə Nazirliyinə təqdim olunsa da, qurum orada əks olunan üzvlərin yarısını qeydiyyata alıb. Digər üzvlərin anket məlumatlarını isə bu və ya digər səbəblərdən təsdiqləmək mümkün olmayıb. 


A. Əlizadə bildirib ki, nazirlik buna görə siyahını yenidən partiya rəhbərliyinə qaytarıb:

"Partiya üzvlərinin dəqiqləşməsi və müvafiq siyahının Ədliyyə Nazirliyinə təqdim olunması "Siyasi Partiyalar Haqqında" qanuna uyğun olaraq ilk dəfədir ki, həyata keçirilir. Prosedura uyğun aparılan dəqiqləşmə zamanı bəzi üzvlərinin ad, soyad və ata adlarının, bəzilərinin isə doğum tarixlərinin dəqiqləşdirilməsində bir sıra problemlər ortaya çıxıb. Tutaq ki, ad və soyadında bir hərf və ya doğum tarixində bir rəqəm yanlış yazılıbsa həmin şəxsin məlumatları sistemdə görünmür. Partiyanın qeydiyyat prosesində problem olacağını düşünmürəm. Çünki üzvlərin sayı ilə bağlı çətinliyimiz yoxdur. Ona görə də indidən hansı addımların atılacağını demək düzgün olmaz. Hesab edirəm ki, yekunda təqdim ediləcək siyahıda 5 min nəfərdən çox üzvün adı əks olunacaq. Bizdə 20 mindən artıq partiya üzvünün anket məlumatları, ərizələri saxlanılır. Onların ünvanları və telefon nömrələrinin dəqiqləşməsinə ehtiyac var". 


Fərid Azəri