Sərdar Cəlaloğluya bir ay vaxt verildi
    • 28-07-2023, 14:49
    • 351

Sərdar Cəlaloğluya bir ay vaxt verildi

Azərbaycan Demokrat Partiyasının (ADP) təkrar qeydiyyatla bağlı müraciətinə imtina cavabı gəlib. 

News24.az xəbər verir ki, bu barədə Modern.az-a partiyanın sədri Sərdar Cəlaloğlu məlumat verib.

Onun sözlərinə görə, Ədliyyə Nazirliyi ADP-nin təqdim etdiyi məlumatlarda nöqsanlar aşkar edildiyini bəyan edib:

"Bizə bir ay vaxt verdilər. Bir ay ərzində çalışacağıq ki, o səhvləri aradan qaldıraq. Ümumiyyətlə, qanun qəbul ediləndə biz dedik ki, bu məsələ problemli olacaq. Çünki bir çox adam ölkədəki ictimai-siyasi vəziyyətə görə özünün məxfi məlumatlarının verilməsinə tərəddüd edir. Bizim bəzi üzvlərimiz də şəxsi məlumatların olduğu kimi verilməsindən imtina edib. Görək, əlavə üzvlərimizdən kimlər razı olacaqsa, reyestrə salacağıq".

Sərdar Cəlaloğlu ADP-nin bir çox üzvünün partiyadan imtina etdiyini, bəziləri isə gizli şəkildə başqa partiyaya keçdiyini söyləyib.

"Təqdim etdiyimiz siyahıda bəzi adlar təkrar olunub. Hərf səhvləri var. Bir neçə şəxslərlə bağlı məlumatlar dəqiq deyil. 20 nəfər partiyadan imtina edib. Təxminən 25 nəfər də başqa partiyanın üzvü olduğunu deyib. Bizim partiyadan çıxmadan gedib başqa partiyanın üzvü olublar. Bizim məlumatımız olmayıb. Bunun günahı bizdə deyil. Nizamnamədə elədir ki, şəxs ərizə verib üzvlükdən çıxmırsa, bizim partiyanın üzvü sayılır. Digər partiya onları qeyri-qanuni qeydiyyata alıb", - deyə partiya sədri vurğulayıb.

 

Xatırladaq ki, Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilir. Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin siyahısını nazirliyə təqdim edib. Bildirilib ki, “Siyasi partiyalar haqqında” Qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində qüsurlar, o cümlədən – üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkarlanıb.

 

Nöqsanlarla bağlı partiyalara məlumat göndərilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib. Qeydiyyata alınmayanlar sırasında REAL, Müsavat, AXCP və Ağ partiya da var.