Prezidentdən "Formula 1"-ə gələn əcnəbilərlə bağlı sərəncam
    • 5-03-2019, 18:21
    • 1 009

Prezidentdən "Formula 1"-ə gələn əcnəbilərlə bağlı sərəncam

Prezident İlham Əliyev 2019 Formula 1 Azərbaycan Qran Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında sərəncam imzalayıb.

News24.Az xəbər verir ki,prezidentin bu gün imzaladığı sənədə əsasən, Azərbaycan Respublikasında keçiriləcək 2019 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn və bu Sərəncamın 2-ci hissəsində göstərilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2019-cu il martın 15-dən mayın 15-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala biləcəklər.

Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilsin:

- Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı;

- Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı;

- 2019 Formula 1 Azərbaycan Qran Pri yarışına bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.