Qurban Qurbanov: "HİK-in təhlükəli və sürətli oyunçuları var"
    • 9-08-2023, 20:34
    • 339

Qurban Qurbanov: "HİK-in təhlükəli və sürətli oyunçuları var"

"Bu komandanın təhlükəli və sürətli oyunçuları var".

News24.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Finlandiya HİK-inə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis rəqibin müdafiə xəttini də fərqləndirib: "İndi rəqibin güclü, yaxud zəif tərəflərini desəm, düzgün çıxmaz. Amma çox yaxşı müdafiə olunurlar. "Rakuv"un oyun üslubuna yaxın futbol sərgiləyirlər. Buna diqqət etməliyik".

O, sabahkı matçın komandası üçün vacib olduğunu söyləyib: "Hazırlığımız pis keçməyib. Futbolçuların durumu yaxşıdır. Hamımız ciddi şəkildə oyuna hazırlaşırıq. Çalışacağıq ki, meydanda əlimizdən gələni edək".

Təcrübəli çalışdırıcının sözlərinə görə, ardıcıl 2 uğursuz oyundan sonra komandada gərginlik ola bilər: "Amma biz peşəkarıq, belə hallarla üzləşmişik. İllərdir bu yolla gəlirik. Narahatlığım yoxdur. Bilsəm ki, komandam oyununu itirib, gücü yoxdur, o zaman narahat olaram. Yox, biz heç bir rəqibdən çəkinmiriksə, onlara qalib gəlmək gücündə olduğumuzu biliriksə, narahatlığa nə gərək var? Amma hər məğlubiyyətdən, düşünmədiyimiz hesablardan sonra gərginlik hiss olunur. Sabah yaxşı oyun göstərmək istəyirik. Bəlkə sürət, dinamika istədiyimiz kimi olmayacaq. Amma 90 dəqiqə meydandakı oyuna köklənib, səhvlərdən uzaq olmaq istəyirik".