" Saqqallı idi, deyirdi dinlə məşğuldur, inandım..." -112 min manatlıq DƏLƏDUZLUQ
    • 15-08-2023, 12:11
    • 174

" Saqqallı idi, deyirdi dinlə məşğuldur, inandım..." -112 min manatlıq DƏLƏDUZLUQ

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Elşad Cəbiyev on işi üzrə məhkəmə prosesi keçirilib.

News24.az-ın məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Rusiya vətəndaşı Vəli Quliyev ifadə verib. O bildirib ki, 2019-cu ildən Elşad Cəbiyevlə alver edib: "Mən "8-ci kilometr" bazarında qoz ləpəsinin satışı ilə məşğul oluram. Özüm Rusiya vətəndaşıyam. Elşad Cəbiyevlə orda tanış olmuşam. Saqqallı idi, deyirdi dinlə məşğuldur. İnandım onunla alverə razılıq verdim. Bir neçə dəfə məndən topdan qiymətə qoz ləpəsi götürdü, pulunu verdi. Sonra başladı, malın pulunun bir hissəsini verib, qalanını isə satandan sonra verməyə. 2020-ci ildə Elşad yenidən məndən bir maşın qoz ləpəsi götürdü, dedi rayona satmağa aparıram, satıb pulunu verəcəm. Bir müddət keçsə də, Elşad pulu gətirmədi. Bir dəfə Elşadı tapdım, dedi ki guya əxilər İrana gedib, bir maşın "Quran" kitabı gətirəcək, pulu onlara vermişəm. "Quran" kitabı adına görə heç nə demədim. Bir müddətdən sonra Elşada bir də zəng vurdum. Mənimlə görüntülü danışdı, arxada İran hərfləri ilə yazılar var idi. Dedi ki, guya "Quran" gətirən əxilərin malını İranda saxlayıblar, onların dalınca gedib. Yenə inandım, gözlədim, amma Elşaddan xəbər çıxmadı. Bir neçə aydan sonra Elşad mənimlə görüşdü, gətirdi böyük bir yerə, dedi ki, bura Kəmaləddin Heydərovun obyektidir, həmin yeri mənim adıma rəsmiləşdirəcək. Onunla da yoxa çıxdı. Mən də polisə məlumat verdim. Bakı şəhər Baş Polis İdarəsi Elşadı tapıb gətirdi. Polislərin təkidi ilə Elşad 112 min manatdan 40 min manat qaytardı. Qalan məbləğ hələ də qalıb". 

Proses avqustun 22-də davam etdiriləcək. 

İttihama görə, E. Cəbiyev Bakının "8-vi kilometr" bazarında özünü topdan satış sahibkarı elan edərək dələduzluq etməkdə təqsirləndirilir. O vətəndaşlara özünü dindar kimi göstərməklə sahibkarların etibarından sui-istifadə edərək onları aldadıb. O  külli miqdarda dələduzluqda təqsirləndirilərək polis nəzarətinə verilib. 

Samir Əli